Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanışlıq

16 may 2013 | 10:00

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Mərkəzində muzeylə tanış olublar.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları Heydər Əliyev Mərkəzində muzeylə tanış olublar.
Azərbaycanın dahi oğlu, bugünkü müstəqil dövlətin memarı Heydər Əliyevin adını daşıyan Mərkəzə gələn hər bir kəsin diqqətini ən çox cəlb edən bu fenomen şəxsiyyətin şərəfli ömür yolundan bəhs edən fotoşəkillərdən və digər eksponatlardan ibarət olan muzeydir.
Respublikamızın Dövlət Təhlükəsizliyi Komitəsinə, sonra isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövrləri, ölkəmizin müxtəlif bölgələrində əməkçi insanlarla görüşləri əks etdirən fotolar yorulmaq bilmədən çalışan rəhbərin canlı obrazını yaradır.
Azərbaycanın, keçmiş SSRİ-nin, eləcə də dünyanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərinin lentə alındığı fotolar dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətindən xəbər verir.
Bu fotoşəkillərdə Mirzə İbrahimov, Rəsul Rza, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Mstislav Rostropoviç, İhsan Doğramacı, Xulio İqlesias, Müslüm Maqomayev, Tamara Sinyavskaya, Lütfiyar İmanov, İmran Qasımov və neçə-neçə görkəmli insanları görürük.
Heydər Əliyev Moskvada Sov.İKP.MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu illərdə nəhəng sovet dövlətinin həyati əhəmiyyətə malik bir çox sahələrinə rəhbərlik edirdi və təkcə ittifaqda deyil, dünyada nüfuzlu dövlət xadimi kimi tanınırdı.
Məşhur Baykal-Amur magistralının tikintisinə də bilavasitə o, rəhbərlik edirdi. Eksponatlardan göründüyü kimi, BAM-da birinci sərnişin qatarının ilk fəxri sərnişini də məhz Heydər Əliyev olmuşdur.
Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrə aid şəkillər isə düşmənlə üz-üzə, blokada şəraitində yaşayan diyarın problemlərinin həlli ilə bağlı gərgin fəaliyyəti əks etdirir.
Ulu öndərin xalqımızın təkidli tələbi, israrlı çağırışları ilə yenidən Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı da fotoobyektivin gözü ilə tarixin yaddaşına köçürülmüşdür. Xalq dahi rəhbərini sonsuz sevinclə qarşılayır, xilaskarlıq missiyası başlanır.
Dünyanın ən böyük dövlətlərinin rəhbərləri ilə keçirilmiş rəsmi görüşləri əks etdirən fotoşəkillər türk dünyasının dahi oğlunun Azərbaycanın beynəlxalq birlikdə öz yerini tutması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması sahəsində ardıcıl, məqsədyönlü siyasətinin həyata keçirilməsinin ayrı-ayrı anlarından xəbər verir.
Heydər Əliyevin bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanması, ədəbi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlərin əsil qiymətini tarix verəcəkdir. Lakin indinin özündə də bu sahədə müəyyən işlər görülmüş, xeyli kitablar yazılmışdır. Mərkəzin kitabxanasında bunların bir qisminin müxtəlif dillərdə nəşr olunmuş nüsxələri ilə də tanış olmaq mümkündür.
Bir sözlə, muzeydə toplanmış fotoşəkillər, ayrı-ayrı eksponatlar Azərbaycanın dahi oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin indiki və gələcək nəsillərə örnək olan əfsanəvi ömür yolunun yalnız bəzi məqamlarını əks etdirsə də, bunlarla tanışlıq Böyük Azərbaycanlının şəxsiyyətinin miqyası haqqında lazımınca təsəvvür yaradır.

Keçidlər