Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda tikinti-quruculuq və abadlıq işləri gündən-günə genişlənir

21 sentyabr 2012 | 10:00

Son aylarda həyata keçirilən layihələr, aparılan genişmiqyaslı yenidənqurma və tikinti-abadlıq işləri Qaradağ rayonun mənzərəsini xeyli dəyişmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Bakı şəhəri Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” Qaradağ rayonunun qəsəbələrinin sürətli inkişafına və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına böyük təkan olmuşdur. Bu Proqramlar çərçivəsində, eləcə də rayonun daxili imkanları hesabına aparılan işlərin miqyası gündən-günə genişlənməkdədir.
Rayonun bütün qəsəbələrində, məhəllədaxili yollarda yeni asfalt örtükləri salınır, binaətrafı ərazilər abadlaşır, nümunəvi həyətlər salınır, uşaqların və ahılların istirahəti üçün lazımi şərait yaradılır. Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində göz oxşayan abadlıq işləri davam etdirilir. Yol boyu istinad divarları çəkilir, dekorativ ağaclar, bəzək kolları əkilir və yeni qazon salınır. Təsərrüfat sahəsində xeyli işlər görülür, belə ki istismar müddətini başa vurmuş su, qaz, işıq, kanalizasiya xətləri yeniləri ilə əvəzlənir və ya yeni xətlər çəkilir.
Təhsil, səhiyyə və mədəniyyət ocaqlarının yenidən qurulması və əsaslı təmirləri işləri uğurla davam etdirilir. Yeni dərs ilində rayonun bir neçə qəsəbəsində ümumtəhsil məktəbləri əsaslı təmirdən sonra müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Belə ki, Puta qəsəbsində 184, Sahil qəsəbəsində 228, Ələt qəsəbəsində 127 və 302 nömrəli orta məktəbləri əsaslı təmir olunmuş, Səngəçal qəsəbəsində 222 nömrəli orta məktəbdə isə 20 əlavə sinif otağı tikilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. Qobustan qəsəbəsində 330 nömrəli 800 şagird yerlik orta məktəbdə son tamamlama işləri gedir. Gələcəkdə rayonun digər qəsəbələrində də təhsil ocaqlarının tikintisi davam edəcək. Ələt qəsəbəsində 204 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, 300 nömrəli körpələr evi-uşaq bağçası üçün isə 120 yerlik yeni binanın tikintisi başa çatmışdır.
Lökbatan qəsəbəsində 19 saylı Birləşmiş Şəhər Xəstəxanası və Müşfiqabad qəsəbəsində 13 saylı poliklinika əsaslı təmir olunmuş, Ələt qəsəbəsində 32 saylı poliklinikanın yenidən qurularaq yeni və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunur.
Mədəniyyət ocaqları da diqqət kənarda qalmış deyil, belə ki Sahil qəsəbəsində 28 nömrəli musiqi və 5 nömrəli Uşaq İncəsənət məktəbləri əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Lökbatan qəsəbəsində 9 nömrəli musiqi məktəbinin yeni binasını tikintisi davam edir. Bundan əlavə gənclər evinin və idman meydançalarının tikintisi də nəzərdə tulumuşdur. Ümid qəsəbəsində Gənclərin İnkişaf Mərkəzinin tikintisinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı və dəstəyi ilə respublikanın hər bir regionunda görülən bu cür abadlıq və yenidənqurma işləri bizə deməyə əsas verir ki, dövlətimizin siyasi-iqtisadi gücü artır və ölkəmiz daim çiçəklənərək öz simasını müasir dövrə uyğunlaşaraq dəyişir.
 

Keçidlər