Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi Dəniz Qüvvələrində “Zəfər Bayrağına düzlən” adlı tədbir keçirilib

04 noyabr 2022 | 18:35

   Hərbi Dəniz Qüvvələri və Qaradağ rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə  8 noyabr - Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib.

   Tədbirdə Prezidentinin Administrasiyası, Müdafiə Nazirliyi, Hərbi Dəniz Qüvvələri və Qaradağ Rayon İcra Hakimiyyəti rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri üzvləri, müharibə veteranları iştirak edib.

   Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri qoyublar və ruhuna dərin ehtiramlarını bildiriblər.

   Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək dövlət himnimiz səsləndirilib.

   Çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiralı Sübhan Bəkirov qarşıdan gələn 8 noyabr zəfər günü münasibətilə hər kəsi təbrik edib. Onun sözlərinə görə digər qoşun növləri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin də müharibənin ilk günündən bir nəfər kimi döyüşlərə hazır olduğunu bildirib.

   Kontr-admiral S.Bəkirov qeyd edib ki, iki il əvvəl haqq və şərəf işimiz olan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi.

   Komandan xatırladıb ki, Hərbi Dəniz Qüvvələri – xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun neçə-neçə kəndi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib.

   Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov qeyd edib ki, respublikanı əhatə edən Zəfər forumlarında iştirakçılar Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini bildirib, onun hər bir çağırışına hər an hazır olduqlarını bəyan ediblər.

   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi dənizçiləri rayonun ictimaiyyəti adından təbrik edərək bir daha vurğulayıblar ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq-dövlət-ordu birliyinin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcək, Müzəffər Ali Baş Komandanın Azərbaycan uğrunda hər bir əmrinə hər an hazır olacaqlar.

   “Qarabağ” ordenli hərbi dənizçi şəhid gizir Zaur Ələsgərlinin anası Vəfa xanım şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Hərbi Dəniz Qüvvələrinin komandanlığına minnətdarlığını bildirib.

     Tədbir konsert proqramı ilə davam etdirilib.

Keçidlər