Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və Azərbaycan mətbuatı"

30 aprel 2018 | 11:00

       30 aprel 2018-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əməkdar jurnalist, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu tərəfindən “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə keçirilmişdir.
      Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun əməkdaşı Ramilə Qurbanlı, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri,  məktəblilər iştirak etmişlər. 
       Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova qeyd etmişdir ki, cəmiyyətdə mətbuatın rolu, xalqımızın mədəniyyəti, milli-mənəvi dəyərləri barəsində əhalinin, xüsusilə də gənclərin mütəmadi və əhatəli maarifləndirilməsinə böyük ehtiyac vardır. Bu tədbirlər, xüsusilə gənclərin mənəvi və intellektual inkişafında çox mühüm rol oynayır. Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Ulu Öndərin Azərbaycan mətbuatının inkişafında danılmaz xidmətləri olmuşdur. Azərbaycan mətbuatı yalnız  Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi.
      Sonra Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun təşkilatçılığı ilə hazırlanan və Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan maarifləndirici mühazirələrdən, keçirilən tədbirlərdən danışdi. O, Bilik Fondunun yarandığı gündən Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin, eləcə də onun mətbuatının, azərbaycançılıq məfkurəsinin təbliğinə yönəlmiş tədbirlər təşkil edildiyini, maarifləndirici layihələr həyata keçirtdiyini qeyd etmişdir.
      Daha sonra "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru,  əməkdar jurnalist Hikmət Babaoğlu "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda geniş məruzə ilə çıxış etdi. Natiq çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılmışdır. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuatda daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.
        Azərbaycan Respublikası Prezidentinin  "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında"  6 avqust  1998-ci il tarixli Fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Bu Fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiyayayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" Qanunlar qəbul edildi.
       Natiq əlavə olaraq qeyd etdi ki,  hər bir jurnalist hər şeydən öncə vətənpərvər olmalıdır, sonra isə işinə peşəkarlıq və məsuliyyətlə yanaşmalıdır. Azərbaycan mətbuatında müstəqillik o vaxt gözəl olacaq ki,  mətbuatın marağı ümumən Azərbaycanın maraqlarına xidmət etmiş olsun.  Bu gün Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən mətbuatın inkişafına daim diqqət və qayğı göstərməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının      tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı,  eləcə də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşması istiqamətində həyata keçirdiyi tədbirlər, fərman və sərəncamlar Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdir. Bütün bunlar Azərbaycan mətbuatına, azad sözə  verilən böyük diqqətin nəticəsidir.
        Mühazirə auditoriya tərəfindən böyük maraqla qarşılanmış və belə tədbirlərin davamlı olması arzulanmışdır.

Keçidlər