Şriftin ölçüsü :

Saytın rəngi :

Səni kim unudar?

08 iyun 2018 | 11:00

Hamımızın sevə-sevə oxuduğu və dinlədiyi şerləri ilə şair Mikayıl Müşfiq qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoymuşdur. 
     08 iyun 2018-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Ə.Əmirov adına Mədəniyyət sarayında “Könüllülər” Kitabxana İctimai Birliyi, "Cabir Novruz" Mədəniyyət Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi M.Müşfiqin anadan olmasının 110-cu ildönümünə həsr edilən ədəbi-bədii gecə keçirildi. Gecəyə böyük söz ustasının xatirəsini əziz tutan sevənləri yığışmışdılar.
      Əbəbi-bədii gecəni giriş sözü ilə açan pedaqoqika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının  Əməkdar jurnalisti Qafar Əsgərzadə şairin həyat və yaradıcılığından söz açaraq, onun ədəbiyyat tariximizdəki xidmətləri haqqında danışdı: “Bu gün biz Müşfiq şeirinin istisinə qızınaraq, onun qısa, lakin mənalı ömür kitabını vərəqləmək arzusu ilə toplaşmışıq. M. Müşfiq Azərbaycan ədəbiyyatına yeni forma və ruh gətirdi. Tanrı ona cismən qocalmaq macalı vermədi - cəmi 29 il yaşadı. Həmişə cavan qalan Müşfiqin şeirləri də həmişə yeni ruhda, yeni nəfəsdə qalacaqdır”.
    Mikayıl Müşfiq irsinin yorulmaz, fədakar təbliğatçısı, “Şöhrət” ordenli, Azərbaycan Respublikasının  Əməkdar müəllimi, şairə  Ofelya Babayeva, tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, filologiya elmləri doktoru Məmməd Əliyev və başqaları çıxış edərək,  XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən, Mikayıl Müşfiqin təkrarsız poetikasından, ecazkar söz sənətindən söhbət açdılar. Bildirildi ki, Mikayıl Müşfiq şəxsiyyəti gənc nəslin milli kimlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
        Tədbir M. Müşfiqin şeirlərindən və şeirlərinə bəstələnmiş musiqilərdən ibarət proqramla davam etdi. Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Respublikasının  Əməkdar artisti Nüşabə Ələsgərli, müğənni Ədilə Əflaki, xanəndə Mirməmməd Cavadov, gənc müğənnilər Elçin Cəfərzadə, Vüsal Hacıyev və başqalarının ifalarında səslənən mahnılar gecəyə xüsusi rövnəq verdi. Qiraətçilər Həlimət Məmmədova, Şirməmməd Hüseynov və başqaları şair haqqında ürək sözlərini bölüşdülər. Onların ifasında böyük şairin poziyasından səslənən nümunələr tamaşaçılarda xoş ovqat oyatdı.   
       Sonda  Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini  Təranə İsmayılova çıxış edərək, nakam şairimiz  Mikayıl Müşfiq şəxsiyyətini milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığının isə gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi haqqında”  17 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi münasibətilə ölkəmizin hər guşəsində silsilə tədbirlər keçirildiyini qeyd etdi. O, ölməz şair M.Müşfiqin xalqımıza yaradıcılıq eşqi ilə dolu lirik nümunələr miras qoyduğundan və şairin 110 illik yubiley tədbirinin Dövlət tərəfindən qeyd edilməsinin əhəmiyyətindən söz açaraq, böyük şairin adını daşıyan qəsəbənin məhz bu rayonda olduğunu və bugünkü tədbirin də təsadüfi olmadığını diqqətə çatdırdı. 
      Repressiya tufanının apardığı Mikayıl Müşfiq və onun silahdaşları Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövründə azadlığın sevincini dadmışdılar və Vətənin müstəqilliyini arzulayırdılar. Onların bu arzuları Azərbaycan xalqının Ümummilli  Lideri Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində keçən əsrin sonlarında həyata keçdi. Bu gün bu siyasət Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
       İllər ötəcək, qısa həyat və yaradıcılıq yoluna  baxmayaraq,  ölməz şair Mikayıl Müşfiq həmişə seviləcək və onun xatirəsi daim yaddaşlarda iz salacaqdır.

Keçidlər