Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçirildi

25 fevral 2019 | 11:00

   25 fevral 2019-cu il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş tədbir keçirildi.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.  Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış oldular.
   Əvvəlcə dəyirmi zalda Qaradağ rayonunda məskunlaşmış Xocalıdan olan 82 ailənin üzvləri ilə görüş keçirildi.
   Tədbiri giriş nitqi ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açdı və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov öz çıxışında qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi. Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur.
   Sonra Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Natiq öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsinin aşkar bir gerçəklik olduğunu da iştirakçıların nəzərinə çatdırdı və bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd etdi.
   Sonra rayonda məskunlaşmış Xocalı sakinləri adından çıxış edən bir neçə şəhid ailəsi erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirdilər. Bildirildi ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.
    Görüşdə Xocalıların arzu və təklifləri dinlənilmiş, onları narahat edən problemlərin həlli istiqamətində aidiyyəti qurumlara göstərişlər verilmişdir. Xocalılar görüşdən razı qaldıqlarını və rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Tədbir Heydər Əliyev Mərkəzinin böyük zalında davam etdirildi. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımında həlak olanların xatirəsini yad etdilər. Sonra Xocalı hadisələrindən bəhs edən film nümayiş olundu.
Sonra Xocalı faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya təqdim olunmuş, Müşviqabad Mədəniyyət Evinin bədii qruppasının üzvlərinin ifasında musiqi nömrələri dinlənilmişdir.
   Görüşün sonunda Qaradağ rayonu ərazisində məskunlaşmış 82 Xocalı ailəsinə rayon İcra hakimiyyəti tərəfindən ərzaq yardım verilmişdir.

Keçidlər