Şriftin ölçüsü :

Saytın rəngi :

Ordumuz-qürurumuzdur mövzusunda dəyirmi masa

02 aprel 2019 | 11:00

   02 aprel 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində rayonu gəncləri ilə “Ordumuz-qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi.
  Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Paşa Məmmədov, Qarabağ müharibəsi iştirakçısı, şotakan karate-do üzrə rayon yığmasının məşqçisi Sədi Məmmədov, Aprel döyüşlərinin iştirakçısı Royal Əşrəfov iştirak edirdi.
   Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himni səslənməsi ilə başlandı. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyinin qorunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbirin  əsas mahiyyətinin xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, həmçinin onlar arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsi olduğunu bildirdi.
   Rayon İcra Hakimiyyətinin təmsilçisi Munis Bayramov çıxış edərək söylədi ki, Milli Ordumuz bu gün özünün gücü, qüdrəti ilə dünyaya səs salır. Bu, hər bir vətənpərvər insanda qürur, fəxarət hissi yaradır. Azərbaycan Silahlı Qüvvələri yarandığı gündən bu günə kimi şərəfli və keşməkeşli yol keçməklə  dünyanın sayılıb-seçilən ordularından birinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə  Azərbaycanda ordu quruculuğu sayəsində görülən işlərdən danışan çıxışçı bu sahənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində daha da inkişaf etdiyini, təkcə regionda deyil beynəlxalq miqyasda ən güclü ordulardan biri kimi özünü təsdiq etdiyini qeyd etdi. Qarabağ Müharibəsi iştirakçıları Sədi Namazov və Paşa Məmmədov, Aprel döyüşçüsü Röyal Əşrəfov Azərbaycanda ordu quruculuğu sahəsində görülən böyük işlərdən, müharibə statuslu insanlara göstərilən  xüsusi diqqət və qayğının olduğunu qeyd edərək  hazırda ordumuzun günü-gündən qüvvətləndiyini bildirdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu məsələsinə həssaslıqla yanaşdığını, dövlət başçısının ciddi tapşırığı ilə dövlət büdcəsindən ordunun gücləndirilməsinə kifayət qədər vəsait sərf edildiyi nəzərə çatdırıldı.  Aprel hadisələrində ordumuzun gücünün yüksək səviyyədə nümayiş etdirildiyi, ötən ilin sonlarında isə Naxçıvanda döyüşsüz olaraq 11 min hektar ərazinin Azərbaycan Ordusunun nəzarəti altına keçdiyi vurğulandı.  Heydər Əliyev Mərkəzinin müdir əvəzi Leyla Nəcəfova, 288 № li məktəbin direktoru Taleh Quliyev söylədilər ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik təkcə Vətəni sevmək yox, həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaqdır. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir.
   Tədbiri davam etdirən Elçin Abbasov diqqətə çatdırdı ki, hər il Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyətləri ilə görüşlər keçirilir, onlara bayram sovqatları aparılır. Belə tədbirlərdə yaxından köməklik göstərən məktəblilərimiz,  tədbirin qonağı olan  288 № li məktəbin IX v sinfi xüsusi fəallıq göstərmişlər. Onlar əsgərlərimizə bayram sovqatı göndərməklə bərabər həm də onlara məktublar da ünvanlayıblar. Əsgərlər də öz növbələrində onlara cavab məktubu yazıblar.
   Qeyd olundu ki, hərbi hissə 288 № li məktəbə öz minnətdarlığını bildirmək üçün kollektivə fəxri fərman göndərmişdir. Göstərilən təşəbbüsə, vətənə  yüksək bağlılıq hisslərinə, hərbi xidmətdə olan gənclərə ayırdıqları diqqət və qayğıya görə 288 № li məktəbin IX v sinfi, həmin sinfin rəhvəri Sona İsmayılova, məktəbin direktoru Taleh Quliyev diplomlarla mükafatlandırıldılar.

Keçidlər