Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman üzrə oyunu Qaradağ rayon birinciliyi

23 aprel 2019 | 11:00

    23 aprel 2019-cu il tarixdə Qaradağ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman  oyunu üzrə rayonun məktəb komandaları  arasında Qaradağ rayon birinciliyi   keçirildi. Tədbirdə Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin zabiti və  Bakı şəhəri üzrə Təhsil Şöbəsinin əməkdaşları  iştirak edirdi.
    Parad qəbul edildikdən sonra hərbi hissənin orkestrinin ifasında Azərbaycan   Respublikasının Dövlət Himni səsləndi. Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.                 
    İlk olaraq komandaların təntənəli marş və mahnı ilə hərəkət mərhələləri nümayiş etdirildi. Şagirdlərin ayrı-ayrı mərhələlər üzrə hərbi hazırlığı hərbi hissənin zabitlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Sıra hazırlığı, darağa patron doldurulması, mülki müdafiə hazırlığı, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, sanitarların yarışı və digər mərhələlərdə komandaların göstərdikləri nəticələrə görə I yerə 195 № li məktəb, II yerə 180 № li məktəb, III yerə 228 № li məktəb layiq görüldü.
    Yarış bitdikdən sonra məktəblilər hərbi hissədəki şəraitlə tanış edildilər və onlara bu barədə geniş məlumat verildi. Tanışlıqdan sonra gənc şahinlər əsgər yeməkxanasında nahara da dəvət edildilər.
         Sonda qaliblər müvafiq dərəcəli diplomlar, medallar və kuboklarla mükafatlandırıldılar.

Keçidlər