Şriftin ölçüsü :

Saytın rəngi :

N saylı hərbi hissənin əsgər və zabitləri ilə Tərtər rayonunda görüş

17 may 2019 | 11:00

   2019-cu il mayın 17-si Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, tədbirin əsas təşkilatçısı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının bir qrup üzvü, QMƏVŞAİB -nin İdarə heyəti, Holcim Azərbaycan ASC-nin bir qrup əməkdaşları və Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov cəbhəyanı bölgədə yerləşən N saylı hərbi hissənin əsgər və zabitləri ilə Tərtər rayonunda görüş keçirmişlər.
   Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov nümayəndə heyətini qarşılamış və qonaqlarla qısamüddətli söhbət etmiş, fikir mübadiləsi aparmışdır.
   Sonra tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq onun xatirəsini yad etmişlər. Həmçinin rayondakı Şəhidlər Abidəsi də ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
   Daha sonra qonaqlar əsgərlərlə görüşmək üçün N saylı hərbi hissəyə yollanmışlar. Hərbi hissə komandanlığı onları qəbul edərək əsgərlərlə görüşü təşkil etmişdir.
   Azərbaycan QMƏVŞAİB-in sədri e.o.polkovnik Mehdi Mehdiyev əsgərlər qarşısında çıxış edərək ictimai birliyin həmişə onlara dayaq olduğunu bildirmişdir. Cənab Mehdi Mehdiyev vaxtilə özünün də həmin hissədə xidmət etdiyini bildirmiş, sərhədlərimizin möhkəmliyinin, torpağın hər bir qarışı uğrunda vuruşmağın nə qədər vacib olduğunu  qeyd etmişdir. Ordumuzun şücaəti və əsgərlərimizin səyi sayəsində həmin bölgədə işğal olunmuş bəzi ərazilərin düşməndən təmizləndiyini və Tərtər rayonuna birləşdirildiyini xatırlatmışdır. Təməlinin ulu öndərimiz cənab Heydər Əliyev tərəfindən qoyulduğu və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasətinin bir hissəsi kimi, dövlətimizin hərbçilərə, müharibə veteranları və əlillərinə göstərdiyi qayğıdan danışmışdır. Ordumuz ən müasir silahlarla təmin edilir, döyüş strategiyası və taktikasının təkmilləşdirilməsi üçün hərbi təlimlər keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 256 ordusu sırasında 53-cü yerdə qərarlaşmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan əsgərinin sağlamlığının və döyüş qabiliyyətinin  qayğısına qalaraq orduya xidmət sahələrini daim nəzarətdə saxlaması, onun hər bir Azərbaycan vətəndaşının PPrezidenti olmasının bariz nümunəsidir.
   Sonra Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun salamlarını çatdırmış və əsgərlərin sərhədlərimizi qəhrəmancasına qorumasından, dövlətimizin onlara  qayğısından danışmış, xalqımızın isə həmişə əsgərlərimizə dayaq olduğunu vurğulamışdır. O bildirmişdir ki, Qaradağ rayon İcra Hakimiyyətinin və Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə keçirilən çoxsaylı tədbirlər silsiləsindən məktəblərdə «Əsgərə məktub» aksiyaları keçirilmiş, 250-dən çox şagirdin əsgərlərə ünvanladığı «Salam, əsgər!» başlıqlı məktubları və hazırladıqları hədiyyələr də hərbi hissələrə göndərilmişdir. Bütün bunların həm əsgərlərimizin, həm də məktəblilərin vətənpərvərlik hisslərinin, duyğularının yüksəldilməsinə xidmət etdiyini qeyd etmişdir.
   "Holcim Azərbaycan" ASC-nin nümayəndə Əliağa Dadaşov  çıxışında təmsil etdiyi şirkətin də əsgərlərlə hər cəhətdən bağlılığını, şirkət işçilərinin əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri olduğunu bildirmişdir. Bu faktın özü bir daha onu göstərir ki, Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından, sağlamlığından keçən vətəndaşlarımıza qarşı diqqət və qayğısını heç zaman əsirgəmir.
   Çıxışlardan sonra döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənən hərbi qulluqçular Azərbaycan QMƏVŞAİB-in təsis etdiyi «Vətən Naminə» medalı ilə təltif edildilər.
   Holcim Azərbaycan ASC-nin kollektivinin gətirdiyi hərbi hissənin ehtiyaclarını ödəyə biləcək avadanlıqlar, Qaradağ rayonu məktəblilərinin «Salam, əsgər!» məktubları, göndərdikləri hədiyyələr komandanlığa və əsgərlərə təqdim olundu.
Daha sonra canlı musiqi səsləndirildi və ziyarət iştirakçıları əsgərlərlə birlikdə rəqs etdilər.
   Tədbirin sonunda nümayəndə heyəti cəbhə bölgəsinin ön xəttində əsgərlərin müdafiə mövqeləri ilə tanış oldu, onlara şərəfli xidmətlərində uğurlar arzuladılar. Səfərin təşkilinə göstərdiyi dəstəyə görə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova və nümayəndə heyətinə hərbi hissə rəhbərliyi tərəfindən təşəkkür bildirildi.

 

Keçidlər