Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib

13 sentyabr 2019 | 11:00

   Sentyabrın 13-də Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.
  AZƏRTAC xəbər verir ki, Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilən müşavirdə çıxış edən Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. Bildirib ki, son illər Azərbaycan iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradır. Əhalinin rifah halının yüksəlməsi istiqamətində atılan addımlar bunun əyani göstəricisidir. Bu ilin əvvəlindən Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə ölkəmizdə əmakhaqlarının, təqaüdlərin, sosial müavinətlərin və digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını deyən Baş Nazirin müavini qeyd edib ki, ölkəmizdə qayğıya ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti göstərir. Hər bir ailə bu artımlardan faydalanır. Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən Əli Əhmədov ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib.
  YAP sədrinin müavini, həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. Qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar ölkədə siyasi canlanma müşahidə olunur. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib. Bununla belə, Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən Ə.Əhmədov həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrin biri də sosial şəbəkələrdir. Xaricdə özünü mühacir adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışırlar.
  YAP sədrinin müavini vurğulayıb ki, belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır.
  Müşavirədə qarşıda duran vəzifələrlə əlaqədar ərazi ilk partiya təşkilatı sədrlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.
 Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov müşavirədə iştirak edib.

Keçidlər