Şriftin ölçüsü :

Saytın rəngi :

PANDEMİYA DÖVRÜNDƏ SƏHİYYƏMİZİN FƏDAKARLIĞI

17 iyun 2020 | 11:00

   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
   Bu gün dünyada tüğyan edən koronavirus pandemiyası bütün dünya dövlətlərini çətin sınaq qarşısında qoydu. İnkişaf etmiş ölkələrin böyük əksəriyyəti çıxılmaz vəziyyətdə qalaraq virusa yoluxanların sayının azaldılması , insan ölümlərinin qarşısının alınmasında acizlik nümayiş etdirdilər. Ölkəmiz dünyada geniş yayılmış pandemiya fonunda qətiyyət nümayiş etdirərək profilaktik tədbirlər görür, insanlarımızın sağlamlığının qorunması üçün bütün lazımi işləri görməklə bu bəlanın qarşısını almaqda uğurlu addımlar atır. Əlbəttə bütün bu tədbirlər ölkə başçımız cənab İlham Əliyevin vaxtında qəbul etdiyi uzaqgörən qərarlar hesabına həyata keçirilir və pandemiya ilə mübarizədə nümunəvi dövlət kimi inkişaf etmiş ölkələr Azərbaycan təcrübəsindən yararlanırlar.
   Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülməkdədir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikintisi xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş qlobal çağırışa və artabiləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır.
   Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, əhalini bu xəstəlikdən qorumaq üçün , onların həyatını xilas etmək üçün ən çətin vəziyyətə hazırdır.
   Bu sahədə çalışan tibb işçilərini təbrik edir, bu çətin günlərdə bolluca səbr diləyirəm. Asan deyil, nəfəs almaqda çətinlik çəkdiyiniz xüsusi geyimlərdə xidmət etmək. Demək, bir dövləti ayaqda saxlayan onun güclü iqtisadiyyatı, turistik fəaliyyəti deyil, onun səhiyyəsi imiş. Bu pandemiya ilə mübarizədə dünyaya başa saldıq ki, Azərbaycan səhiyyəsi heç də bu mübarizədə digər inkişaf etmiş ölkələrin səhiyyəsindən geri qalmır.
  Ölkəmizdə səhiyyə yeni, daha mükəmməl mərhələyə qədəm qoyub. Səhiyyəmizin beynəlxalq aləmdə də nüfuzu yüksəlmişdir. Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının rolu danılmazdır.
   Koronavirus pandemiyası sözün həqiqi mənasında, müharibədir və hazırda bütün dünya əhalisi müharibə şəraitində yaşayır. Bu savaşın başlıca qəhrəmanları həkimlərimizdir. Düzdür, polislərimiz, jurnalistlərimiz, müəllimlərimiz  də koronavirusla mübarizədə ön cəbhədə yer alırlar.
   Buna rəğmən, hər birimiz gözümüzü məhz tibb işçiərinə dikmişik. İnsanların tək ümidi həkimlərdir. Həm virusu məhv edəcək peyvəndin tapılması, həm xəstəliyə yoluxan şəxslərin sağalması yönündə tək ümidimiz həkimlərə, tibb mütəxəssislərinə, alimlərədir. Pandemiya dönәmindә bütün dünyada olduğu kimi, bizdә dә ön cәbhәdә gecәsini gündüzünә qatan, aylarla ailәsindәn, sevdiklәrindәn uzaqda qalan, ağır şәraitlәrdә işlәyәn hәkimlәrimizin, tibbi personalın әmәyi qiymətsizdir. Biz bu fədakarlığın və peşəkarlığın əvəzini heç nə ilə ödəyə bilmərik.
   Bəşəriyyəti bu bəladan xilas etmək üçün gecə-gündüz tibb müəssisələrində, laboratoriyalarda əziyyət çəkən insanların bu fədakarlığı heç bir ölçüyə sığmayacaq qədər böyükdür. Onların əziyyətini bir neçə cümlə ilə ifadə etmək mümkün deyil. Düşünürəm ki, xəstələrin həyatda qalması üçün göstərdikləri bu fədakarlıq əslində böyük bir missiyadır. Onların bu əziyyətini hər birimiz yüksək qiymətləndirməli, onlara minnətdar olmalıyıq . Həm də bunu təkcə 17 iyun tibb işçilərinin peşə bayramı günü münasibəti ilə yox, hər gün, hər an etməliyik. Hər birimiz xəstə yaxınlarımızın, millətimizin ümid yerinə çevrilən həkimlərin, bütün tibb personalının koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin miqyasını bilməliyik. Onlar həddən ziyadə ağır, mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar".
  Bir daha Səhiyyə işçilərimizi təbrik edir, çətin, məsuliyyətli işinizdə uğurlar arzu edirəm.

Jalə Qədirova,
288 saylı orta məktəbin direktor müavini,
Fizika-riyaziyyat və informatika müəllimi

Keçidlər