Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan rəhbəri özünü növbəti dəfə ifşa etdi

22 iyun 2020 | 11:00

   Ermənistanda sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Çünki onun məqsədi heç də sivil ölkə başçılarının, o cümlədən Azərbaycan Prezidentinin ölkənin vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması üçün həyata keçirdiyi islahatlar yox, öz şəxsi ambisiyalarının istənilən vasitələrlə, hətta qeyri-qanuni yollarla belə həyata keçirilməsinə cəhd etməsi dayanır.
Elə cari ilin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitində Ermənistanın baş naziri N.Paşinyan bunu bir daha əyani şəkildə sübut etdi.
   Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söylədi ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir və Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Qeyd etdi ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb və eyni zamanda  Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindədir. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq Prioritetləri” sənədini nəzərə çatdıran dövlət başçımız, həmin sənəddə hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyinin vurğulandığını söylədi. Bir daha diqqətə çatdırdı ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə Ermənistan məhəl qoymur. Bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.
   İşğala və humanitar fəlakətə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafda böyük uğurlara imza atdığını deyən Prezident İlham Əliyev çıxışının sonunda Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırdığını və eyni zamanda, ölkəmizin bu günə qədər 29 dövlətə humanitar yardım göstərdiyini və bu işi davam etdirməyi planlaşdırdığını söylədi.
   Heç bir göstəricilərlə Azərbaycanın Prezidenti ilə müqayisəyə gələ bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan sammitdə növbəti dəfə özünü ifşa etdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Azərbaycanın koronavirusla bağlı başqa ölkələrə humanitar yardım göstərdiyi halda Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd etdi.
   Çıxışında daha bir yalana imza atan Paşinyan Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi. Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi.
   Beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi qeyd olunub. Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.
   Prezident İlham Əliyev çıxışında ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən terror aktına toxundu. 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında 8 nəfər həlak olmuş (2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı), 55 nəfər yaralanmışdı. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunan terrorçu burada rəsmi səviyyədə qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Elə Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması erməni simasını açıq-aydın ifşa edən faktdır.
Bütün bunlar sübut edir ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunmaz haldır.
   Gülüş doğuran məqamlardan biri də tədbirdə Paşinyanın qoruyucu maska ilə iştirak etməsi idi. Xatırlayaq ki, Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş və sonradan sağaldığını açıqlamışdı. Tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur, o ətrafdakılar üçün təhlükəli deyil. Çünki bədəndə anticisim formalaşır və belə olduqda maska taxılmasına ehtiyac olmur. Kadrlardan da göründüyü kimi, Paşinyandan başqa heç bir dövlət və hökumət başçısı maska taxmamışdı. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa maska taxmaq lazım deyil. Deməli, bu, Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalqı qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir.

                                                      

Qaradağ rayon Gənclər və İdman İdarəsinin
                                                        baş məsləhətçisi  İlqar Qasımov

Keçidlər