Şriftin ölçüsü :

Saytın rəngi :

Bizim şanlı ordumuz

26 iyun 2020 | 11:00

   Bu gün Azərbaycan Silahlı Qüvvələri yaradılmasından 102 il ötür. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını davam etdirir. Ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı fərmanla bu günü tarixləşdirmişdir.
   Artıq xalqımız 26 iyun-Silahlı Qüvvələr gününü ümumxalq bayramı kimi qeyd edir.1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etmiş, General Səmədbəy Mehmandarov hərbi nazir, general Əlağa Şıxlınski hərbi nazirin müavini təyin olunmuşlar. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi.      
   Ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir,döyüş qabiliyyətini artırır. Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Heydər Əliyevin cəsarəti addımları sayəsində  Bakıda C.Naxşıvanski adına hərbi məktəb yaradılmışdır.    
    O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi.Həmin dövrdə bir-birinin ardınca Moskvadan göndərilən komissiyalar Azərbaycanda belə bir məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da Heydər Əliyevin mahir diplomatiyası həmin məktəbin Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrlarının hazırlanmasına gətirib çıxarmışdır. Sevindirici haldır ki, həmin məktəbin məzunu olan 150-ə yaxın general bu gün də öz xidmətlərini davam etdirir. İndi Respublikamızda SQ hərbi akademiyası, H.Əliyev adına hərbi məktəb, SQ təlim-tədris mərkəzi, Ali Hərbi Təyyarəçilik məktəbi, Ali Hərbi Dənizçilik məktəbi, Tibb universitetinin nəzdində hərbi tibb fakültəsi, H.Əliyev adına hərbi lisey, C.Naxçıvanski adına hərbi lisey fəaliyyət göstərir.
   Mənim yaxşı yadımdadır ki, 1996-cı ildə bu gün Ulu Öndərin adını daşıyan Ali Hərbi  məktəbdə Ümummilli liderin göstərişinə əsasən görüş keçirildi. Bizi elə döyüş bölgələrindən görüşə gətirmişdilər. Mən də həmin o xoşbəxt zəbitlərdən biri kimi Ümummilli liderlə görüşdə iştirak etdim. Onun biz görüş iştirakçılarına verdiyi tövsiyələr bu gün də yaddaqalan xatirələrdən biridir.                                                        
   1993-cü ilin yayında xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğu istiqamətində də mühüm addımların atılmasına nail olmuş, 1994-cü ildə Ermənistan-Azərbaycan arasında hərbi münaqişədə atəşkəs haqqında müqavilə imzalanmışdır. Vətənimizin qorunmasının, işğal altında olan torpaqlarımızın azad olunmasının başlıca amilini ordumuzun daha da möhkəmlənməsində görən ulu öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı.  
   Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarı ilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.

Ehtiyatda olan baş leytenant,
294 saylı məktəbin Hərbi hazırlıq müəllimi
“Şah İsmayıl Xətai” və Qızıl Qələm mükafatı laureatı
Hüseynov Mehman Həsən oğlu

Keçidlər