Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev ölkədə həyata keçirilən infrastruktur layihələri arasında su təsərrüfatı layihələrini xüsusi qeyd edir

29 iyul 2020 | 11:00

   Bildiyiniz kimi, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə cənab prezident İlham Əliyev ölkədə həyata keçirilən infrastruktur layihələri arasında su təsərrüfatı layihələrini xüsusi qeyd edərək bu sahədə mövcud olan problemlərə diqqəti yönəltdi.
   Yeraltı və yerüstü ehtiyatlarla zəngin olan ölkəmizdə son dövrlərdə iqtisadiyyatın sürətli inkişafı və əhalinin sayının artması bu ehtiyatların mühafizəsi və təhlükəsizliyi məsələlərini də aktuallaşırdırır. Uzun müddətdir ki, ölkəmizin əsas təbii ehtiyatlarının istismarı daxili tələbatı ödəməklə yanaşı, böyük ixrac imkanları da yaradaraq ölkə iqtisadiyyatının güclü və dayanıqlı inkişafını təmin edən əsas faktorlardan hesab olunur. Müstəqilliyimizin qazanılmasından sonra aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində təbii ehtiyatların  istifadəsinin səmərəliliyinin artırılması istiqamətində  bu sahəyə böyük investisiyaların cəlb olunması nəticəsində müasir standartlara cavab verən infrastruktur yaradılmış və bu sahə üzrə uğurlu siyasət formalaşmışdır.
   Hazırda enerji təhlükəsizliyi sahəsində  paytaxtla yanaşı, regionların sosial-iqtisadi inkişafı  dövlət proqramı çərçivəsində 30-dan çox elektrik stansiyası fəaliyyətə başlamış və  ümumi ölkə üzrə qazlaşma 96 faizə çatdırılmışdır.
   Son dövrlərdə dövlət tərəfindən sosial-iqtisadi inkişafı şərtləndirən enerji təchizatı ilə yanaşı,  insanların həyat mənbəyi sayılan, ekoloji tarazlığı yaradan və aqrar sektorun əsas elementlərindən olan su təchizatı sahəsində də ciddi və böyük həcmli işlər görülməkdədir. Belə ki,  içməli su və meliorasiya-irriqasiya problemlərinin həlli istiqamətində  Azərbaycanın müxtəlif bölgələrində su anbarları qurulmuş və mövcud anbarların (Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarı, Şəmkirçay su anbarı, Göytəpə və Tovuzçay su anbarı, Ceyranbatan su anbarı) rekonstruksiyası həyata keçirilmiş, ümumilikdə ölkə üzrə içməli suyun təminatı 70 faizə qədər yüksəldilmişdir. Lakin bütün bunlarla yanaşı, ümumilikdə ölkə üzrə su ehtiyatlarının az olması, hər an risklərin qaçınılmaz olduğu iqlim dəyişikliyi, bu dəyişikliklərin yaratdığı böhranlı vəziyyətlərin aradan qaldırılması və ya qarşısının alınması ilə bağlı operativ tədbirlərin görülməsi sahəsində idarəetmə mexanizmində olan problemlər, ölkəmizin əsas su resurslarının (yerüstü su ehtiyatlarının) əsasən, ölkə ərazisindən kənarda formalaşması və s. su ehtiyatlarının hasilatı və su layihələrinin icrası sahəsində ciddi və təxirəsalınmaz problemlər yaratmaqdadır.
   Qeyd etmək lazımdır ki, həm də hidroenerji ehtiyatı kimi su mənbələri külək, günəş, biornerji və s. ilə birlikdə Azərbaycanın bərpa olunan enerji ehtiyatlarının əsas hissəsini təşkil edir. Ümumiyyətlə, Azərbaycan iqtisadi cəhətdən əlverişli, təhlükəsiz və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələri cəhətdən yüksək potensiala malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
    İnanırıq ki, ölkəmizdə su təsərrüfatı siyasəti sahəsində cənab prezidentin müşavirədə qeyd etdiyi dövlət investisiya proqramlarının səmərəli icrası, planlı fəaliyyət planının hazırlanması, müasir texnologiyalardan istifadə, qabaqcıl təcrübənin mənimsənilməsi, vahid inzibati mexanizm sisteminin yaradılması, effektiv koordinasiyanın aparılması, su ehtiyatları balansının tərtib edilməsi, elektron su təsərrüfatı sisteminin yaradılması, daima təklif və layihələrin yenilənərək qiymətləndirilməsi və s. kimi kompleks tədbirlər nəticəsində bu sahədə mövcud olan problemlər aradan qaldırılacaq və bəhs olunan sahə üzrə milli strategiya təkmilləşəcəkdir.

Əfsanə Qubatova
Qaradağ rayonu Lökbatan bələdiyyəsinin üzvü

Keçidlər