Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan -Türkiyə, dostluq-qardaşlıq nümunəsi

07 sentyabr 2020 | 11:00

   Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti cənab İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını bildirərək qeyd edib ki, “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi səkkiz ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”. Hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması istiqamətində verilən qərar da Türkiyə ilə Azərbaycan arasında gələcəyi əhatə edən və ikitərəfli münasibətlərdə atılan ən mühüm addımlardan biridir. Bu baxımdan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması mühüm əhəmiyyət kəsb edir.Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri həmişə müdafiə edib. Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib. Münaqişənin həlli yolunun yalnız Azərbay-canın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib. Qeyd olunmalıdır ki, ordu quruculuğu inkişaf edən hər bir ölkə üçün davamlı prosesdir. Çünki hərbi sahədə təchizat və təminatın yenilənməyə, heyətin yeni bilik və bacarıqlara ehtiyacı daimi olduğu üçün bu tələbatın ödənilməsi də davamlı xarakter daşıyır. Bu mənada, son günlərin ən çox müzakirə olunan mövzularından biri – Naxçıvanda, həm də ölkəmizin digər regionlarında keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri böyük əhəmiyyət kəsb edir. Bu gün ermənilər Naxçıvanda, eləcə də ölkəmizin digər regionlarında Türkiyə Silahlı Qüvvələri ilə keçirilən təlimləri təlaş və əndişə ilə izləməyə məcburdurlar. Əslində, bu narahatlıq üçün səbəblər də az deyil. Məsələn, hər şeydən əvvəl, Türkiyə ordusunun tərkibində yalnız quru qoşunları deyil, aviasiya, artilleriya və digər qoşun növlərinin də olduğu böyük bir qüvvə ilə Azərbaycana gəlməsi qardaş ölkənin bu tədbirə çox ciddi yanaşdığını göstərir. Digər tərəfdən budəfəki təlim miqyasına və gün sayına görə əvvəlkilərdən fərqlənir. Həm də təlimlərin keçirildiyi ərazilər bu dəfə miqyasına görə daha böyükdür. Bütün bunlarla yanaşı, məlum Tovuz hadisələrindən sonraya təsadüf edən təlimlər ərəfəsində türkiyəli rəsmilərin bütün sahələrdə Azərbaycanın yanında olmaları haqqında bəyanatları da səbəbsiz deyil. Bəli, Türkiyə-Azərbaycan təlimləri son günlər bir çox dünya ölkələrinin mətbuatında ən çox müzakirə olunan, haqqında danışılan mövzulardandır. Böyük ruh yüksəkliyi ilə keçirilən təlimlər Azərbaycan və Türkiyə ordularının gücünü bir daha nümayiş etdirir. Avqustun 13-də Türkiyə-Azərbaycan quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi. Azərbaycan və Türkiyə Müdafiə nazirliklərinin rəhbərliyi və qoşun növləri komandanları təlimlərin birinci mərhələsinin son epizodunu izlədilər. Həmçinin həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayən-də heyətini qəbul etdi. Söhbət zamanı dövlət başçısı bunları dedi: “Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin son günüdür. Hərbi təlimlərin birinci mərhələsi başa çatır. Bu, çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
   Təbii ki, hər bir təlim öyrətməklə bərabər, müəyyən hərbi-siyasi məqsəd də daşıyır. Bu təlim Azərbaycan-Türkiyə qardaşlığını bir daha ortaya qoymaqla yanaşı, ölkəmizin, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın təhlükəsizliyinin etibarlı əllərdə olduğunu da göstərir.

Leyla Süleymanlı
Qaradağ Rayonunun Lökbatan qəsəbəsindəki Əli Əmirov adına Mədəniyyət Sarayının Bədii rəhbəri

Keçidlər