Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmiz cənab Prezidentin rəhbərliyi altında milli intibahın şərəfli mərhələsini yaşayır

21 sentyabr 2020 | 11:00

   Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində fəaliyyət göstərdiyindən onun dövrünə də məhz həmin baxımdan yanaşılır. Lakin zamandan uca olanlar, xalqının bir neçə on illər və bəzən də yüz illər sonrakı inkişaf yolunu əvvəlcədən müəyyənləşdirənlər, ömrünü xalqın tərəqqisi üçün başlıca şərt olan dövlətinin qüdrətlənməsinə həsr edənlər dahilər olurlar.
   Azərbaycan tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin adı xalqın simvoluna, əməlləri isə hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
   Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdaraq növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürüb doğma xalqının köməyinə gəldi. Əgər 1969-cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993-cü ildə ikinci dəfə gəlişi Milli Qurtuluş günü oldu.
   Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı.
   “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan Ulu Öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.
   Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. O, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı. Qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi” bağlandıqdan az sonra Xəzərin digər karbohidrogen yataqlarının işlənilməsi ilə əlaqədar 30-dan çox saziş imzalandı ki, bu da Azərbaycana böyük həcmdə xarici sərmayənin qoyuluşuna imkan yaratdı.
   1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə möhtəşəm qayıdışının ardınca Heydər Əliyev dünya tarixində çox nadir bir layihəni həyata keçirməyə başladı. Bu, tarixə sonralar “Əsrin müqaviləsi“ kimi düşəcək möhtəşəm Bakı-Ceyhan neft kəməri layihəsi idi.            
  2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən dövr ərzində milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını, intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.    
  Azərbaycan müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq,  iqtisadi və siyasi müstəqilliyini təmin etmək, dünya birliyinin fəal üzvünə çevrilmək   əzmində olduğunu dünyaya nümayiş etdirdi. “Dövlət başçısı cənab  İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının  dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bildirmişdir ki, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir.     
  Ölkəmizdə  aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə göstərilir: “Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik”.Möhtərəm Prezidentimizin qeyd olunan müsahibəsində söylədiyi  “Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır” fikirləri önə çəkərək bu gün Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edən “Əsrin müqviləsi”nin siyasi əhəmiyyətini də xüsusi qeyd edib: “Müstəqillik yollarında yenicə addımlarını atan hər bir ölkənin qarşısında dayanan əsas vəzifələrdən biri iki və çoxtərəfli çərçivədə əlaqələri qurmaq, özünü dünyaya tədim etməkdir. Ulu öndər Heydər Əliyev, eyni zamanda, dünya təcrübəsinə istinadən bildirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan öz iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz.   
   Ümummilli Liderin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm  verməsi uzaqgörən siyasətinin nəticəsi idi. “Əsrin müqaviləsi” Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Belə ki, son bir neçə ildə Azərbaycanın təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin birbaşa iştirakı ilə beynəlxalq və regional əhəmiyyətli bir neçə layihə uğurla icra olunub.Trans-Anadolu Qaz İxrac Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun tikintisi və istismara verilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, “SOCAR Trading”in fəaliyyət coğrafiyasının, demək olar, bütün mühüm beynəlxalq bazarları əhatə etməsi, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveçrə, Avstriya və digər ölkələrdə kommersiya əməliyyatlarının intensivləşdirilməsi kimi strateji layihələr ölkəmizin beynəlxalq mövqelərini gücləndirib.
    Son illər bütün dünyanın diqqət mərkəzində olan Cənub Qaz Dəhlizi layihəsinin ilkin resurs mənbəyini təşkil edən “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazası çərçivəsində dəniz platformalarının inşası və istismara verilməsi, Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya proseslərinin mərhələli şəkildə davam etdirilməsi, “SOCAR Polymer”, “SOCAR Karbamid” zavodlarının tikintisi kimi genişmiqyaslı layihələri bu qəbildəndir. Eyni zamanda “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə müqavilənin 2050-ci ilədək, “Şahdəniz” layihəsi üzrə müqavilənin isə 2048-ci ilədək uzadılması, yeni Hasilatın Pay Bölgüsü Sazişlərinin və Risk Xidmət Müqavilələri imzalanmışdır.2019-cu il noyabrın 30-da TANAP boru kəmərinin Avropaya bağlantısının həyata keçirilməsini, “Ümid” qaz-kondensat yatağında layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılan və yataqda qaz hasilatını gündəlik 3-3,5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırmağa imkan verən yeni quyunun qazılmasına başlanılmasını, SOCAR və Norveçin “Equinor” şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunmasının təsdiq edilməsini, ötən ay həmin yataqda neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan və SOCAR-ın “BOS Shelf” şirkəti tərəfindən tikilən “Qarabağ” dayaq blokunun dənizə yola salınmasını, Cənub Qaz Dəhlizinin əsas hissələrindən birinin-Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğunun “BP Eksploration (“Shah Deniz”) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçməsini qeyd etmək olar.   Ötən dövrdə neft sektoru ilə bərabər qeyri-neft sektoru da inkişaf etmiş, ümumi daxili məhsulda onun xüsusi çəkisi artmışdır. Xüsusilə qey edilməlidir ki,cənab  Prezidentin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.  
     Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində sahibkarlıq subyekt-lərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 2 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmış, ümumilikdə isə müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya qoyulmuşdur.  Bütün yuxarıda göstərilənləri təhlil edərək belə bir məntiqi nəticəyə gəlmək olar ki, Heydər Əliyev yolu-müstəqil Azərbaycan dövlətinin və xalqımızın əbədiyyət yoludur. Prezident cənab İlham Əliyev həmin parlaq yolun və böyük gələcəyin qüdrətli təminatçısı, mahir sükançısıdır. Aparılan məqsədyönlü siyasət müstəqil Azərbaycan dövlətini yeni və daha geniş işıqlı yollara çıxarmağa uğurla xidmət edir.


Abbasağa Babayev
ziyalı, iqtisadçı

Keçidlər