Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunmuşdur

13 fevral 2021 | 11:00

    13 fevral 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü onlayn qeyd olunmuşdur.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, müavinlər, rayonun hüquq mühafizə  orqanlarının rəhbərləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti iştirak edirdilər.
      Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Yalnız bundan sonra Azərbaycanda hərbi sahədə yeni mərhələ başlandı. Hələ sovet dövründə Azərbaycanda hərb sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olması və digər islahatlar ordumuzun hansı gücə sahib olduğunu sübut edir.
   Son illər aparılan uğurlu islahatlardan biri də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasıdır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixində imzaladığı fərmanla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun tətbiqinə başlanıldı. Xidmət yaradıldıqdan sonra müasir standartlara uyğun səfərbərliyin təşkil edilməsi istiqamətində, orduya çağırış məsələlərində mühüm nailiyyətlər əldə olunub. Müasir dünya təcrübəsindən əldə olunan yeniliklərin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətlə işin aparılması, gənclərin hərbi xidmətə hazırlığı istiqamətində vacib işlər görülüb. Demək olar ki, rayon xidmətləri yenidən formalaşıb, onların fəaliyyəti yeni dövrə uyğunlaşdırılıb.
    Bu islahatların aparılmasında tək məqsəd Ali Baş Komandanın qarşıya qoyduğu məsələlərin həll olunmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin qarşısında duran ən vacib məsələ Qarabağ probleminin həll olunması, torpaqlarımızı işğaldan azad etmək olunmuşdur. Bunun üçün də ordunun güclənməsi, onun maddi-texniki bazasının təmin olunması, gənc nəslin vətənpərvərlik təbliğatı Azərbaycan dövlətinin qarşısında duran prioritet  məsələlərdir. Müharibə şəraitində olan ölkədə gənclərin hərbi xidmətə hazırlanması, vətənpərvərlik tərbiyəsi əsas məsələlərdən biridir. Orduya gedəcək gənc hərtərəfli hazır olmalıdır. Bunun üçün  müasir baza sistemi qurulub. Bu istiqamətdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mühüm rolu var. Çünki gənclərin orduya hazırlığı məsələsi daim diqqətdə saxlanılmalıdır.
   Ermənistanın təxribatlarına ordumuzun layiqli cavab verdiyini və 44 günlük Vətən müharibəsində yenilməz gücünün növbəti nümayişi kimi qeyd etmək istərdim.  Ali Baş Komandan cənab İlham Əliyev  bu döyüşləri tarixi qələbə kimi xarakterizə edərək Azərbaycan ordusunun döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu bildirmişdir.
    Bu gün müharibədən sonrakı dövrlərdə də ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili xidmətin üzərinə əlavə məsuliyyətlər qoyur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsi gənclərin fiziki və mənəvi cəhətdən sağlam olmaları üçün müxtəlif tədbirlər həyata keçirmişdir. Bu görüşlərdə gənclərimizə  Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğu aşılanır, ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayanaraq, Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün əbədi olmasına əminlik ifadə olunur.
     Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Vüqar Seyidov kollektiv  adından təşəkkürünü bildirdi.
     Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin xidmətdə fərqlənən əməkdaşlar təltif edilmişlər.

Keçidlər