Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun - Silahlı Qüvvələr günüdür

26 iyun 2021 | 11:00

   Qaradağ rayonunda  26-iyun silahlı qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbir Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidlərin məzarlarının  ziyarəti ilə başlamışdır. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, İcra Hakimiyyəti yanında şuranın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi polkovnik Vüqar Seyidov ,Qaradağ RİH başçısı aparatın şöbə müdirləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və qaziləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Şəhidlər Xiyabanına Rayon İcra Hakimiyyəti başçısı tərəfindən əklil və  digər tədbir iştirakçıları ilə bərabər şəhid məzarlarına  gül dəstələri qoyuldu. 
   
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev parkındakı Ulu öndərin abidəsi önünə gül dəstələri qoydular.
   Tədbir Heydər Əliyev mərkəzində böyük konfrans zalında davam etdirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov açaraq  nitq söylədi. Qeyd etdi ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunun yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi.
   1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
   Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 İyun – Silahlı Qüvvələr günü elan edilmişdir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
   Ordumuz 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi.
   Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
   Bunun nəticəsidir ki, 2016-cı ilin aprelində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı ordumuz tərəfindən qəhrəmancasına alınmış, düşmənə layiqli cavab verilmiş, xeyli ərazi azad edilmişdir. Eyni zamanda, Naxçıvan ərazisində Günnüt kəndi, strateji yüksəklik ələ keçirilmişdir.
   44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz mütləq qələbə əldə etmiş, torpaqlarımızı düşməndən azad edərək Zəfər bayramına imza atmışdır.
   Bu müharibədə Qaradağ rayonundan 914 nəfər ehtiyatda olan hərbi qulluqçu döyüşlərdə iştirak etmişdir. 154 yaralı, 30 şəhidimiz olmuşdur. 43 ailə mənzillə təmin olunmuşdur.
   İştirakçılardan rayonumuz üzrə döyüşlərdə fədakarlığına görə 1 nəfər ordenlə, 26 nəfər isə medalla təltif olunmuşdur.
   Digər çıxış edən Milli məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi polkovnik Vüqar Seyidov çıxış edərək Silahlı Qüvvələr günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun qazandığı zəfərlər haqqında məlumat verdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, iştirakçılara uğurlar dilədilər. Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-prezident  Mehriban xanım Əliyevaya, xalqımıza, eyni zamanda keçirilən tədbirə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.
   Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzası ilə təltif olunmuş 18  şəhidin , 9 döyüşlərdə xəsarət almış və iştirak etmiş şəxsin orden, medal və vəsiqələri təqdim olundu.
   Daha sonra şəhid ailələrinin ,qazi və iştirakçıların arzu və istəkləri dinlənildi.
   Tədbiri Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov yekunlaşdıraraq, tədbir iştirakçılarına təşəkkürlərini bildirdi.

Keçidlər