Şriftin ölçüsü :

Saytın rəngi :

“Sən qalib gələcəksən”

18 may 2016 | 11:00

18 may 2016-cı il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində, yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi ilə “Sən qalib gələcəksən” mövzusunda tədbir keçirilmişdir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq elmləri üzrə fəlsəfə doktoru Araz Qədiməliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Novruz Rəhimov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov və fəxri qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzdülər.
Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin təşkil etdiyi rayonunun istedadlı şagirdlərinin rəsm sərgisi, hərbi vətənpərvərlik mövzusunda rəsmlərin canlı olaraq çəkilməsinə baxış keçirildikdən sonra mahnı-şeir kompozisiyası dinlənildi.
Heydər Əliyev Mərkəzinin İnternet Klubunda növbəti dəfə rayonun fəal şagirdləri tərəfindən beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin elektron ünvanlarına Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının qeyri-şərtsiz tərk etmələri tələbi ilə müraciətlər göndərildi.
Tədbir konfrans zalında Azərbaycan Dövlət Himinin səslənməsi isə davam etdi. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov tədbiri ölməz rəhbərimiz, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə açaraq bugünkü gənclərin də onun kimi vətənini sevməsini və doğulub boya-başa çatdıqları torpağa bağlı olmalarının çox önəmli olmasını qeyd etdi. Bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi vətənpərvərlik hissi doğma torpağa və yaxınlarına bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir. 
Hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi daha mühüm əhəmiyyət kəsb edir. Çünki neçə illərdir ki, hiyləgər və məkrli düşmənlərimiz olan ermənilər xalqımıza qarşı qəsbkarlıq müharibəsi aparırlar.
Belə bir düşmənə qarşı ləyaqətlə mübarizə aparan gənclərdə inamın, hərbi vətənpərvərlik hisslərinin tərbiyə edilməsi ən zəruri məsələ kimi qarşıda durur.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu və hüquq elmləri üzrə fəlsəfə doktoru Araz Qədiməliyev çıxış edərək bildirdilər ki, hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Novruz Rəhimov çıxış edərək bildirdi ki, hərbi vətənpərvərlik tərbiyəsi - vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov bir daha qeyd etdi ki, bəşəriyyət tarixində hər xalq ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq hərbi bədən tərbiyəsi sistemini yaradır, gənc nəslin hərbi biliklərə yiyələnməsinə nail olur. Bu baxımdan müasir dövrdə hərbi xidmət gənclərin, həm gənc, həm də vətəndaş kimi formalaşmasında vacib şərtdir. Gəncləri hərbi xidmət keçməyə təşviq etmək üçün bütün imkanlardan rasional şəkildə istifadə etmək günün, zamanın tələbidir. Hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir.

Keçidlər