Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

14 oktyabr 2016 | 11:00

14.10.2016-cı ildə Qaradağ Rayon İcra Hakimiyyətinin 2016-cı ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 07 oktyabr 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak edən rayon rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 07 oktyabr 2016-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyi yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirdi.
Qeyd etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunmuşdur ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı daha sonra bildirdi ki, proqram xarakterli çıxış nitqində cənab Prezident bu ilin 9 ayında 2016-cı il dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu, neftin qiymətinin düşməsi nəticəsində dövlət investisiyalarının azaldığını, tikinti sektoruna az sərmayə qoyulduğunu, sənayenin qeyri-neft sektorunun 3,6%,   sənaye potensialının 0,2%, kənd təsərrüfatının  2,4% artdığını, eyni zamanda bütün sosial layihələrin icra edildiyini qeyd etmişdir.
Həmçinin cənab Prezident İlham Əliyev dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini Azərbaycanda isə uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu öz nitqində qeyd etmişdir. Çıxışında bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendumun demokratik, ədalətli, tam şəffaf şəkildə keçirildiyini, Azərbaycan xalqının mütləq əksəriyyətinin təklif olunan dəyişikliklərə öz dəstəyini verdiyini, bunun da siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstək olduğunu xüsusilə vurğulamışdır.
Qaradağ rayonunun sosial-iqtisadi həyatında 2016-cı ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2016-cı ilin yanvar-sentyabr aylarında 494 milyon 662 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.  Sənaye məhsulunda qeyri dövlət sektorunun xüsusi çəkisi 51,4 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əmək haqqı 19,5 faiz artaraq 979 manat olmuşdur.
İstehlakçılara 592 milyon 482 min manatlıq məhsul göndərilmişdir. Neft və qaz sənayesi müəssisələrində  443 min ton xam neft və 459 milyon kub metr təbii qaz hasil olunmuşdur.
Hesabat dövründə rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 125 milyon 301 min manat investisiyadan istifadə edilmişdir.
  Əhalinin məşğulluğu barədə məlumatlar və qeyri-məşğul əhalinin ödənişli əsaslarla ictimai faydalı əməyə cəlb edilməsi ilə əlaqədar Qaradağ Rayon Məşğulluq Mərkəzi tərəfindən işə ehtiyacı olan vətəndaşların qeydiyyata götürülməsi və aidiyyəti vakant iş yerləri ilə təmin edilməsi prosesi davam etdirilmişdir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində Qaradağ rayonu da son illərdə böyük inkişaf yolu keçmiş və bu istiqamətdə tədbirlər uğurla davam etdirilməkdədir.
      Təsadüfi deyil ki, cənab Prezident onun üçün hər zaman doğma olan Qaradağ rayonuna təkcə 2016-cı ilin 9 ayında üç dəfə səfər etmişdir. Bu səfərlər zamanı dövlətimizin başçısı 30 yanvar 2016-cı il tarixində “Mətanət-A” şirkətinin  Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Yeni Ağdağ gips zavodunun açılış mərasimində, aprel ayının 22-də Gəmiqayırma zavodunda “Üfüq”, “Zəfər” və “Turan” sərnişin gəmilərinin istismara verilməsi tədbirində və sentyabr ayının 1-də Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etmişdir.
Rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov rayonun sosial-iqtisadi inkişafını təhlil etmiş, hər sahədə əldə olunan uğurlar, qarşıda duran vəzifələr haqqında geniş hesabat nitqi ilə çıxış etmişdir.
Məruzə ətrafında 23 nömrəli Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsinin müdiri  Hüseyn İsrafilzadə, 288 nömrəli tam orta məktəbinin direktoru Cahangir Süleymanov çıxış edərək rayonda görülmüş işləri yüksək dəyərləndirmiş, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətini qənaətbəxş hesab etməyi təklif etmişdir.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.
Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin rayonumuza səfərləri zamanı verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-cı tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı Qaradağ Rayon İcra Hakimiyyəti   başçısı aparatının Ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Yədulla oğlu Muradova təqdim olundu.

Keçidlər