Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Milli Tarix-Bədii Qoruğununun yaradılmasının 50 və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir

13 iyun 2017 | 11:00

Qaradağ rayonunda Qobustan Milli Tarix-Bədii Qoruğununun yaradılmasının 50 və UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 10 illik yubileyinə həsr edilmiş təntənəli tədbir təşkil olunmuşdur.
13 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə birgə Qobustan  Milli Tarix-Bədii Qoruğunun yaradılmasının 50 və UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” mövzusunda beynəl xalq elmi konfrans çərçivəsində Qobustan qoruğunda “Yallı” adlı bədii proqram təqdim olundu. 
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana və digər rəsmilər “Qobustan - mədəniyyətlərin qovşağında qayaüstü incəsənət” beynəlxalq elmi konfransının nümayəndələri İspaniya, İtaliya, Rusiya, Avstriya, Norveçdən olan tədqiqatçı alimlər iştirak edirdi.
Əvvəlcə qonaqlar qoruq ərazisində yerləşən muzeylə tanış oldular. Bildirildi ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq burada muzey və inzibati bina kompleksi inşa olunub. Məlumat verildi ki, Qobustan Milli tarixi-bədii qoruğu açıq səma altında qoruq-muzey kimi böyük şöhrət qazanıb. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi səyi nəticəsində Qobustanın qayaüstü təsvirləri mədəni landşaftı ilə birlikdə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib.
Daha sonra Böyükdaş dağının yuxarı hissəsində “Yallı” adı altında bədii proqram nümayiş olundu. Azərbaycan, rus və ingilis dillərində qeyd olundu ki, yallı Azərbaycanın ən qədim rəqsidir və bu barədə Qobustan qayaüstü rəsmlərində təsvirlər vardır. Proqramda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin “Qobustan kölgələri” baletindən parçalar, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin ifasında “Çoban” rəqsi, “Qızlar” rəqsi, Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında “Qaval” rəqsi nümayiş olundu. Xalq artisti Azər Zeynalov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlunun ifasında mahnılar səsləndirildi. Daha sonra çoxsaylı tamaşaçıların və xarici qonaqların birgə iştirakı ilə möhtəşəm “ Köçəri” yallısı nümayiş etdirildi. Sonda qonaqlara milli mətbəximizin təamları təqdim olundu.

Keçidlər