Şriftin ölçüsü :

Saytın rəngi :

09 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirildi

08 noyabr 2017 | 11:00

08 noyabr 2017-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 09 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və digər qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəl Ulu Öndər, Xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər güllər qoydular.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Milli Bayrağımızı əks etdirən rəsmlərindən ibarət guşə ilə tanış oldular.
Tədbiri giriş nitqi ilə açan Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasının əlamətdar bir hadisə olduğunu vurğulayaraq, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışdı. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra yenidən bərpa olunduğunu qeyd etdi.
Bildirdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edildi.  1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikası Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildirdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının şöbə müdiri Munis Bayramov çıxış edərək, bildirdi ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini uca tutur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında, eləcə də 2009-cı il noyabrın 17 - də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamlar dövlətimiz tərəfindən milli atributlarımıza verilən yüksək dəyərdir. Bundan başqa regionlarda Bayraq Meydanlarının yaradılması cəmiyyətimizdə, xüsusilə də gənclərimizdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət edir. Hazırda üçrəngli bayrağımız dünya dövlətlərinin bayraqlarının sırasında dalğalanmaqdadır.
Tədbirdə qeyd edildi ki, dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi hər bir ölkə vətəndaşının müqəddəs borcudur.

Keçidlər