Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəlbimizdə daim yaşayacaqsınız”

19 yanvar 2018 | 11:00

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Əli Əmirov adına Mədəniyyət Sarayında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qəlbimizdə daim yaşayacaqsınız” adlı ümumrayon anım mərasimində Milli Məclisin deputatı Aydın Hüseynov,  Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Şura üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Sahil qəsəbəsindəki 5 nömrəli Uşaq İncəsənət Məktəbinin və Ə.Əmirov adına Mədəniyyət sarayında Lökbatan qəsəbəsindəki 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı 20 yanvar hadisələrinə həsr olunmuş rəsm sərgiləri ilə tanış oldular.
Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasim 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başladı.
Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha izlənildi.
Qaranlıq gecəni işıqlandıran güllələr, qorxulu səsi ilə irəliləyən tanklar, nifrət hissləri ilə dolu amansız əsgərlər mübariz xalqın üzərinə gedirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu.
Görünməmiş qəddarlıqla keçən gecədə heç bir günahı olmayan onlarla dinc sakin öldürüldü, yaralandı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı.
Daha sonra tədbir Qaradağ rayonunun Müşviqabad qəsəbəsindəki Mədəniyyət evi kollektivinin və Qaradağ rayon ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Keçidlər