Artıq şanlı tarixə çevrilmiş ötən 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatiya, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. İlin ən böyük mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyev cənablarının rəhbərliyi və komandanlığı altında qazanılan şanlı tarixi Qələbəmizdir. Bu qibtə ediləcək Böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunmuş və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulmuşdu.
Yenicə başladığımız 2021-ci il isə Qalib ölkəmizin qarşısında yeni tarixi dövr acır. Bu il isə tarixə Dirçəliş ili kimi düşərək yaddaşlarda əbədi qalacaqdır.
Artıq Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı fərman Dirçəlişin başlancığı kimi xalqımızın qarşısında yeni üfüqlər açır. Bu fərman uzun müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılmasına, ölkəmizin siyasi, iqtisadi, hərbi və mədəni həyatında yeni dövrün başlanğıcına təkan verəcəkdir. Fondun vəsaitlərinin fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşması işğaldan azad edilmiş rayon,şəhər, qəsəbə və kəndlərdə bərpa və quruculuq işlərinin vüsət alınması üçün geniş imkanlar açacaqdır. Bu isə ölkəmizin sosial-iqtisadi inkişafına, müdafiə qüdrətinin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərməklə onun regionda gedən siyasi-iqtisadi proseslərdə söz sahibi olmasında da mühüm və əvəzolunmaz rol oynayacaqdır.
İnanıram ki, qarşımızda duran bu çətin və son dərəcə şərəfli vəzifələrin öhdəsindən uğurla gəlmək üçün yaşadığı yerdən, yaşından,cinsindən,təhsilindən, maddi imkanından asılı olmayaraq hər bir azərbaycanlı işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasına verəcəyi dəstəklə Dirçəliş tariximızə öz layiqli və yaddaqalan töhfəsini əsirgəməyəcəkdir. Onların bütün potensialının tikinti-quruculuq və abadlıq işlərinə səfərbər edilməsi ölkəmizin inkişafında əvəzedilməz rol oynamaqla xalqımızın yekdil birliyinin yenı təzahur forması olacaqdır.
Dirçəliş Fondunun yaradılması Qalib dövlətimizin insanlarının qəlbində qürurverici tarıxı kimi qalacaqdır. Çünki Fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq laləzara çevriləcək, insanlar öz doğma torpaqlarına, dədə-baba yurdlarına böyük sevinc və məhəbbətlə qayıdacaq, dövlətimizin möhkəmlənməsinə öz vətəndaşlıq töhfələrini verməkdən həmişə qürur duyacaqlar.
Dirçəlişin mübarək, Qalib Vətən!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı