Son günlər Tarif (qiymət) Şurasının 5 yanvar 2021-ci il tarixdən bəzi yanacaq növlərinin, o cümlədən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətinin müvafiq olaraq 1 manat və 80 qəpik səviyyəsində müəyyən edilməsi ilə bağlı qərarı əhali arasında, xüsusən də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdur.
Bununla bağlı ,adı çəkilən yanacaq növlərinin qiymətlərinin artırılmasının qaçılmazlığı və onu doğuran sosial-iqtisadi əsaslar barədə müəyyən izahat işlərinin aparılmasına ehtiyac vardır.
Hər şeydən əvvəl nəzərə alınmalıdır ki, COVİD-19 pandemiyası səbəbindən dünya iqtisadiyyatında baş vermiş qlobal böhran neft bazarlarında neftə tələbatın kəskin şəkildə azalmasına və nəticə etibari ilə neft istehsalının, o cümlədən Azərbaycanda, əhəmiyyətli dərəcədə aşagı düşməsinə səbəb olmuşdur.
Təbii olaraq, neftdən alınan hazır məhsul, yəni benzin, dizel və digər neftdən alınan məhsul bazarında müəyyən qıtlıq yaranmışdır ki, bu da həmin məhsulların qiymətlərinə təsir etmişdir.
Məsələn, Avropa bazarında ötən ilin noyab-dekabr aylarında dizel yanacağının qiymətində 29 % artım qeydə alınıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin bir litrinin qiyməti 0.91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1.04 dollar (1,77 manat) təşkil etmişdir ki bu da il ərzində 14% artım deməkdir.
O cümlədən Türkiyədə benzinin qiymətində 32% artım baş vermiş və hazırda qiymət 7,2 lirə (1,66 manat) civarındadır. Hazırda Gürcüstanda benzinin qiyməti 2,4 lari (1,25 manat) təşkil edir. Ukraynada yanacağın qiyməti 4%, Rusiyada isə 7 % artmışdır.
Dizelin qiymətində də əhəmiyyətli artımlar baş vermişdir. Hazırda Türkiyədə 1 litr dizel manatla ekvivalentdə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir.
Onu da nəzərə almaq lazımdır ki, son illərdə ölkəmizə avtomobil idxalı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2018-ci ildə Azərbaycana 28.876, 2019-cu ildə 47.710, 2020-ci 11 ayı ərzində isə 47.841 avtomobil idxal edilmişdir. Nəticədə, avtomobil idxalının artması təbii olaraq benzinə və dizelə olan tələbat da yüksəlmişdir.
Dizel yanacağı üzrə sonuncu qiymətləndirmə 2013-cü ildə, benzin üzrə isə 2017-ci ildə aparılmışdır. Eyni zamanda, 2013-2020-ci illər ərzində ölkəmizdə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artmışdır. Yəni əhalimizin gəlirlərində əhəmiyyətli artım baş vermişdir.
Aidiyyatı dövlət qurumlarının, iqtisadçı mütəxəssislərin rəyinə görə Aİ-92 benzin əsasən şəxsi minik avtomobillərində istifadə edildiyi üçün istehlak bazarında ciddi qiymət artımı gözlənilmir.
İctimai nəqliyyatda isə qiymətin bu qaydada tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaqdır.
Qiymət tənzimlənməsi dövlət büdcəsinə daxilolmaları və sosoal yönümlü tədbirlərə ayrılan vəsaitin artırılmasına şərait yaradacaqdır.
Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşgul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması məqsədi ilə onlara dövlət tərəfindən kompensasiya ödəniləcəkdir.
Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınacaq və hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır.
Azərbaycan Prezidenti cənab İ.Əliyevin təşəbbüsü ilə 2019-cu ildən başlayaraq iki inqilabi sosial paket həyata keçirilmiş, pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri müəyyənləşdirilmişdir. Həmin paketlərə əsasən ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin surətdə artırılıb. İşsizliyin qarşısının alınması istiqamətində özünüməşğulluq proqramı artıq 12 min ailəni əhatə edib.
2021-ci ildə də Dövlət tərəfindən sosial yönümlü tədbirlərin, geniş sosial dəstək paketlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
Beləliklə, ölkə rəhbərliyinin əhalinin sosial rifahına, müdafiəsinə yönəlmiş düşünülmüş sosial-iqtisadi siyasəti yanacağın qiymətində baş vermiş labüd artımın əhalinin gündəlik həyatına, istehlak bazarına, ölkənin sosial iqtisadi durumuna elə bir ciddi təsiri olmayacağına ciddi əsas verir.
Akif Heydərov
Ə.C.Əmirov adına NQÇİ-nin
Əməyin mühafizəsi və təhlükəsizlik
texnikası şöbəsinin böyük mühəndisi