2020-ci il Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı bu tarixi qələbə hər bir azərbaycanlıya yeni həyat bəxş etdi.
İqtisadi cəhətdən 2020-ci il bütün dünya üçün çətin və mürəkkəb bir il oldu. Pandemiyanın yaratdığı fəsadlar nəticəsində iqtisadiyyatımız 4 faizdən bir az çox azaldı. Dünyada görünməmiş böhranın baş verdiyi bir şəraitdə iqtisadi siyasətin qarşısında duran əsas məqsədlərdən biri azalmanı minimuma endirmək, əhaliyə və sahibkarlara dəstək göstərmək olmuşdur. Azərbaycanda hər 2 istiqamətdə dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə genişmiqyaslı işlər görülmüş, 3.5 milyard manata çatan iqtisadi dəstək proqramı icra edilmiş, 5 milyon vətəndaşı əhatə edən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Eyni zamanda, iqtisadi islahatlar da aparılmış və iqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilmişdir.
Belə bir şəraitdə iqtisadiyyatın minimum azalmasına nail olunmuş və növbəti illərdə iqtisadi artımı təmin edə biləcək sahələrdə isə artım qeydə alınmışdır. Belə ki, qeyri-neft sektorundakı 11 faizlik, kənd təsərrüfatı sahəsindəki 2 faizlik artım iqtisadi artım mənbələrinin dəstək mexanizmlərinə aktiv reaksiyasından xəbər verir. Eyni zamanda, inflyasiyanın 3 faizdən az olması, manatın məzənnəsinin sabit olması da mühüm nailiyyətlərdəndir. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya çatması regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi yanvar ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Prezident cənab İlham Əliyev müşavirədə çıxış edərək bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.
“Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.
Cənab Prezident çıxışında eyni zamanda bildirib ki, ölkəmiz 44 günlük müharibədən sonra üçtərəfli bəyanatda qeyd olunan hər bir bəndə tam şəkildə riayət edir.Ölkə başçısı bəyanatı imzalayan digər dövlətlərin siyasi rəhbərlərinin də bu bəndlərə riayət etmələrini tələb edir. Bu tələb ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və beynəlxalq hüququn normalarına bütün ölkələr ciddi şəkildə əməl etməlidir. Əks halda Ermənistan “Dəmir yumruq” əməliyyatının bütün acı nəticələrini bir daha öz üzərində hiss edəcək. Beynəlxalq hüququn subyekti olan digər ölkələr də öz addımlarına diqqət yetirməlidirlər. İstər sülhməramlı qüvvələrin fəaliyyəti, istərsə də digər beynəlxalq təşkilatların fəaliyyəti mütləq şəkildə Azərbaycan dövləti ilə nizamlanmalıdır. Azərbaycan hər zaman ikitərəfli əlaqələrdə qəbul edilən qərarlara, verilən sözlərə ciddi yanaşır və beynəlxalq hüquq normalarına əməl edən etibarlı tərəf kimi tanınır. Biz hər zaman digər dövlətlərin qanunlarına hörmətlə yanaşmışıq. Cənab Prezident öz çıxışında qeyd edir ki, digər dövlətlər də bu hüquq normalarına və imzalanmış bəyanatlara əməl etməlidirlər.
Azərbaycanın nədəsə güzəştə gedəcəyini düşünmək tamamilə yanlışdır. Ortada bir razılaşma var. Hər bir dövlət bu razılaşmaya riayət etməlidir. Müharibədən sonra revanş qazanmaq arzusunda olan Ermənistanın bəzi siyasi qüvvələrinin səsləndirdiyi fikirlərə də cənab Prezidentimiz öz kəskin münasibətini bildirdi. O, söylədi ki, Ermənistan bu fikirlərindən əl çəkməzsə, qüdrətli ordumuzun adekvat cavabını bir daha alacaqlar. Bu məsələdə ölkə rəhbərinin mövqeyi aydındır.
Azərbaycan öz torpaqlarında otuz illik işğala son qoyub. Dağlıq Qarabağı və yeddi rayonu işağaldan azad edərək ərazi bütövlüyümüzü bərpa etmişik. 2020-ci ildə ölkəmizdə demokratik yolla parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqun gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident cənab İlham Əliyev ölkəmizdə pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür.
Ötən il ölkə iqtisadiyyatı 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.
Eyni zamanda ilin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident cənab İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.
Prezident cənab İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlətimizin başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb.
Dövlət başçısı cənab İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb. İşğaldan azad olunmuş ərazilərimizdə artıq quruculuq işlərinə başlanılıb. Bütövlükdə, həmin ərazilərin iqtisadi, sənaye və turizm potensialı yaxın gələcəkdə ölkəmizdə iqtisadi artımın dəfələrlə artmasına gətirib çıxaracaqdır.
Abbasağa Babayev
Qaradağ Rayon İcra Hakimiyyəti
başçısı Aparatının əməkdaşı