Məlum olduğu kimi, yanvarın 6-da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Müşavirədə Prezident cənab İlham Əliyev qeyd edib ki, keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bu illər ərzində beynəlxalq ictimaiyyət, Minsk qrupunun həmsədr dövlətləri tərəfindən Ermənistanın ölkəmizə və xalqımıza qarşı apardığı işğalçılıq siyasətinə faktiki olaraq göz yumulmaqda idi. Ali Baş Komandanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistanın keçmiş və indiki rəhbərliyi 2020-ci ildə biabırçı məğlubiyyətlə barışaraq Azərbaycan qarşısında diz çökmək məcburiyyətində qaldı. Beləcə, işğalçı ölkənin siyasi və hərbi rəhbərliyi məğlub edildi, onların indiyə qədər qurmuş olduğu “yenilməz ordu” mifi darmadağın edildi.
Azərbaycan bu tarixi qələbə ilə ermənilərin Qafqazda 300 ildən çox davam edən məkrli planlarını darmadağın edərək, erməni məsələsi adı altında öz dövlət maraqlarını həyata keçirən beynəlxalq aktorlara da sarsıdıcı zərbə endirmiş oldu. Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bu bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Yaxud Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidə vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılıq verib. Lakin bundan sui-istifadə yolverilməzdir.
Böyük Qələbəyə aparan yolda Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu siyasətin, diplomatik fəaliyyətin rolu xüsusi qeyd edilməlidir.
Həm ölkə daxilində ardıcıl şəkildə təşkil edilən, qlobal problemlərin müzakirə olunduğu, həm də ayrı-ayrı ölkələrdə keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı dövlətlərində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz həqiqətlərimizin bütün dünyaya çatdırılmasında mühüm rol oynadılar. Münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı.
Azərbaycanın siyasi Qələbəsini təsdiqləyən 10 noyabr razılaşması da bu məqamlara işıq saldı. Bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Müşavirənin əsas hissələrindən biri də şübhəsiz işğaldan azad edilmiş ərazilərdə quruculuq məsələləri təşkil edirdi. Dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, bu istiqamətdə 2021-ci il ərzində Azərbaycan dövləti tərəfindən mühüm işlər görüləcək.
Təsadüfi deyil ki, 2021-ci il dövlət büdcəsinin əsas xüsusiyyətlərindən biri işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatının yaradılmasıdır. Büdcədə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi şərəfli və məsuliyyətli vəzifələrin icrası üçün maliyyə təminatı nəzərdə tutulur. Bu istiqamətdə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.
Müşavirədə qeyd olundu ki, işğaldan azad edilmiş bütün şəhərlərin, kəndlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalıdır. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır. Müşavirədə dövlət başçısı bir mühüm məsələni bir daha vurğuladı ki, bu da Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu ziyana görə təzminat ödəməsidir. Cənab Prezident qeyd etdi ki, bu məqsədlə beynəlxalq şirkətlərin işğaldan azad olunmuş ərazilərdə araşdırmalar və hesablamalar aparması üçün şərait yaradılacaq. Eyni zamanda Azərbaycan dövləti özü də bu prosesi aparacaq və Ermənistana qarşı təzminat davası açılacaq.
Təbii ki, erməni kimi kinli və məkrli qonşun varsa və o qonşu səninlə düşmənçilik də edirsə, müdafiə və təhlükəsizlik tədbirləri yenə də əsas prioritet olmalıdır. Bu məqsədlə müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsait artırılaraq, 2021-ci ilin dövlət büdcəsindən 4,6 milyard manat ayrılması nəzərdə tutulur. Müşavirədə həm də ölkənin iqtisadi-siyasi durumu haqqında danışıldı. Qeyd edildi ki, ötən il Azərbaycanda islahatlar davam etdi, keçirilmiş son parlament seçkilərində müxalifət nümayəndələri parlamentin rəhbər orqanlarına seçildilər. Ölkədə siyasi dialoq başlandı, siyasi partiyalar ümumi işə dəstək verdilər. Eyni zamanda, struktur, kadr dəyişiklikləri, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldı. Digər ölkələrlə müqayisədə Azərbaycan pandemiya ilindən daha az itkilərlə çıxdı. Qeyri-neft sənayesi 11 faiz, orta əmək haqqı və pensiyalar 13-14 faiz, kənd təsərrüfatı 2 faiz artıb. Neft Fondunun vəsaitləri çoxalıb. Sosial sahədə böyük tədbirlər həyata keçirilib. Bütün bunlar neftin qiymətinin aşağı düşdüyü, pandemiya, müharibə ilində baş verib. Bu, Azərbaycan dövlətinin gücünü və aparılan siyasətin düzgünlüyünü bir daha göstərir.
2021-ci il Azərbaycan üçün çox əlamətdar olacaqdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, planlarımız həyatda uğurla gerçəkləşir. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək.Azərbaycan üçün yeni bir dövr başlanır. Qarabağ bölgəsinin zəngin, füsunkar təbiəti və tarixi abidələri onu Azərbaycanın əsas turizm zonalarından birinə çevirəcək.
Elnur Bağırov
Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının
Siyasi Şurasının üzvü, iqtisad üzrə fəlsəfə doktoru