Cənab prezident, son aylarda ölkəmizdə baş verən tarixi hadisələrə şahidlik etmək hər bir azərbaycanlı kimi mənə də sonsuz qürur hissi yaşatdı. Mənfur qonşularımız ölkəmizə ərazi iddiaları ilə çirkin oyunlara başlayanda mən Tibb Universitetinin 1-ci kursuna daxil olmuşdum. Bizim nəslin bütün gəncliyi xalqımızın başına gətirilən faciələrlə, yaşıdlarımızın ölümü, doğmalarımızın evlərindən dəhşətli şəraitdə qovulması, torpaqlarımızın işğalı kimi ağrılı-acılı illərlə keçdi. Bütün bunlarla yanaşı dünya bizim səsimizə qulaq tıxadı, faciəmizə göz yumdu, bizi günahlandırdı. Bütün xalqımız, ölkəmiz sanki sonunda işıq görünməyən bir qaranlığa gömüldü...
Bu faciələr rəhmətlik Ulu Öndərimiz hakimiyyətə gələnə qədər davam etdi. Əvvəlcə atəşkəs elan etdi: çünki, dağılmış iqtisadiyyat, pərakəndə ordu ilə qələbə qazanmaq mümkün deyildi. Sonra ölkəmiz dirçəlməyə başladı: yavaş-yavaş, addım-addım. Əsrin müqaviləsi, xarici investisiyaların ölkəmizə cəlb olunması, nəhəng layihələr, iqtisadi uğurlarımız və s. Ölkəmiz inkişaf etdikcə, uğurlarımız artdıqca, böyük beynəlxalq layihələrə və tədbirlərə ev sahibliyi etdikcə millət olaraq çox sevinir, qürur duyurduq. Lakin içimizdə həmişə bir nisgil vardı, Qarabağ adlı... Xalqımızın başına gətirilən faciələr və canilərin cəzasız qalması hamımızı çox incidirdi, bir nəsil Qarabağ həsrətilə dünyadan gedir, bir nəsil də Qarabağı tanımadan, görmədən böyüyürdü. Lakin biz heç vaxt Qarabağ itkisi ilə barışmadıq, içimizdə həmişə ümid vardı, inam vardı, çünki biz dövlətimizə, rəhbərimizə güvənirdik. Nəhayət, o tarixi gün gəldi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsi!
30 il ərzində bütün dünya Azərbaycanı işğalçı qatillər ilə danışıqlar aparmağa məcbur etdi. Mənfur düşmənlə heç bir razılaşmaya gəlməyin mümkün olmadığını bilərək siz yenə də o qatillərlə görüşür və haqlı mövqeyinizi bütün dünyanın önündə söyləyirdiniz. Bununla yanaşı güclü ordu quruculuğunu davam etdirirdiniz. Hər çıxışınızda “sülh yolu ilə torpaqlarımız qaytarılmasa, hərbi yolla qaytaracağıq” deyərək bizə ümid verirdiniz. Düşmənin azğınlığı isə sərhəd tanımırdı və o layiqli cəzasını almalıydı, tarixi ədalət bərpa olunmalıydı və olundu. Sizin komandanlığınız altında şanlı ordumuz tarix yazdı, 30 ildə itirilmiş torpaqlarımızı 44 gündə böyük zəfərlə qaytardı. Bu müharibədə minlərlə əsgərimiz canını, sağlamlığını fəda etdi, şəhid oldu, qazi oldu. Bütün xalqımız bir yumruq kimi birləşib düşmənin başına zərbə vurdu. Bir tərəfdən torpaqlarımızın qaytarılması sevincini və qürurunu yaşadıq, digər tərəfdən şəhid qəhrəmanlarımıza ağladıq, viran edilmiş kəndlərimizə, şəhərlərimizə üzüldük, amma sonda qələbə qazandıq. Bu sevinci bizə siz və qəhrəman ordumuz yaşatdı. Siz tariximizin ən şanlı səhifələrini yazdınız. Əsgərlərimiz cəbhədə, siz siyasət meydanında bütün dünyaya dərs verdiniz: ədalət dərsi, siyasət dərsi, beynəlxalq hüquq dərsi. Bütün ölkələrin hərbi ekspertləri əsgərlərimizin apardığı savaşa, siyasətçilər sizin iti zəkanıza, tarixi və siyasi biliyinizə heyran qaldı. Düşməni bütün cəbhələrdə məhv etdiniz. Şükürlər olsun ki torpaqlarımızı azad etdiniz, xalqımıza bu qüruru yaşatdınız, var olun! Torpaqlarımız azaddır, amma viranədir, darmadağındır. Bundan sonra yaralarını sarmaq, əvvəlki gözəlliyini qaytarmaq üçün bütün millət olaraq çox çalışmalıyıq. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə sizin nə qədər müdrik və uzaqgörən siyasətçi olduğunuzun bir daha şahidi olduq. Sizin rəhbərliyiniz altında azad etdiyiniz torpaqlarımızda gedən quruculuq işləri, yolların salınması, işıq xətlərinin çəkilməsi, yeni infrastrukturların yaradılması, torpaqlarımızın yenidən canlanması insanda kövrək hisslər oyadır, sanki yaralarını sarıyır, xəstə qəlbinə məlhəm olursunuz. Bəli, ölkəmiz 30 ildə çox faciələr, ağrılı-acılı illər yaşadı, həm xarici, həm içimizdəki bədxahlarla savaşdı, lakin bütün düşmənlərin öhdəsindən xalq-hakimiyyət birliyi ilə gəldi. Artıq Qarabağımızın abadlaşması, çiçəklənməsi vaxtı yetişmişdir. Müşavirədə açıqladığınız layihələri əminəm ki bütün xalqımız sevinclə dinlədi, bu quruculuq işlərində dövlətimizə yardım etmək bizim hamımızın vətəndaşlıq borcumuzdur.
Cənab prezident, sizə sonsuz təşəkkürümüzü bildiririk. 17 illik hakimiyyətiniz dövründə müdrik, məqsədyönlü siyasətinizlə Azərbaycanı bütün sınaqlardan qələbəylə çıxartdınız. Xəritədə ölkəmiz qartala bənzəyir, siz o qartalın sınmış qanadını sağaltdınız.
Siyasət, iqtisadiyyat, idman, mədəniyyət sahəsindəki qələbələrimizə hərbi qələbəmizi də əlavə etdiniz. Əminik ki, azad olunmuş torpaqlarımızdakı quruculuq işlərilə qısa zamanda yenə dünyanı heyran edəcəksiniz. Bütün dünya vətənimizin gözəlliyinə şahid olacaq və torpaqların əsl sahibinin kim olduğunu anlayacaq. Sizə möhkəm can sağlığı və bütün işlərinizdə uğurlar arzulayıram. Allah sizə yar olsun!
Hörmətlə: Nəbiyeva Təravət
həkim