2020-ci il dünya dövlətləri üçün sıxıntılı bir il olaraq yaddaşlarda qalacaqdır. Bir çox dövlətlərin iqtisadi sistemləri çökmüş və ya yarıtmaz hala düşmüşdür. Şükürlər olsun ki, Azərbaycan bu dövlətlər arasında yer almadı. Düzdür uğurlarımızı gözü götürməyən qüvvələr hər zaman olmuşdur, ancaq onlardan fərqli olaraq rəqəmlər və faktlar yalan söyləmirlər. Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb. Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb. Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq. Neft Fondunun vəsaiti təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətlərimizdən biridir. Keçən il ərzində sosial sahə ilə bağlı çox böyük işlər görülmüşdür. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlər və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq. Dünya Bankının “Doing Business” hesabatı ölkələrin, o cümlədən Azərbaycanın reytinqlərinə yenidən baxaraq reytinq sıralamızda müsbət dəyişikliklər etmişdir.
Yeni reytinqə görə Azərbaycan:
Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir;
10 ən islahatçı ölkə sırasındadır;
Əhalinin elektrik təchizatı səviyyəsi - dünya miqyasında ikinci yerdədir;
Hökumətin dəyişməyə cavabdehliyi, islahatçı obrazı əmsalına görə beşinci yerdədir;
Hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir;
Hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir;
İnfrastruktur layihələri ilə bağlı - dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer;
Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer;
Avtomobil yollarının keyfiyyəti - 24-27-ci yer;
İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Dünyan Bankının dünyanın ən nüfuzlu iqtisadı qurumu olması və hesabatın mötəbərliyi xüsusi vurğulanmalıdır.
2020-ci il bizim tariximizə qələbə ili olaraq daxil olmuşdur. İqtisadi baxımdan bu şanlı qələbəni qiymətləndirmək lap yerinə düşərdi. Heç bizimizə sirr deyildir ki, işğaldan azad olunmuş torpaqlarımızın böyük iqtisadi potensiyalı vardır. Buna misal olaraq, turizm, kənd təsərrüfatı, enerji ehtiyyatları, təbii sərvətlər və s.-ni misal göstərmək mümkündür.
Vandal düşmənimizdən fərqli olaraq biz bu torpaqlarda xalımız üçün çiçəklənən bir gələcək qurmaq arzusundayıq. Düşmənimiz özü də çox yaxşı anlarıydı ki, o burada qalıcı deyildir. Məhz bu səbəbdən onlar burada öz çirkin əməllərinə davam edirdilər. Şəhərlər və tarixi abidələr dağıdılır, təbii sərvətlər talan edilirdi.
Prezidentimizin də vurğuladığı kimi: “Onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər.”
Onlardan fərqli olaraq biz Şuşa eləcə də digər şəhərlərin turizm və iqtisadi potensiyalına yaxşı bələdik. Post müharibə dövrünün əsas prioritetlərindən biri də məhz bu torpaqlarda normal yaşayışın bərpa olunmasıdır. İlk növbədə, böyük yaşayış məntəqələri bərpası ediləcəkdir. Bu tarixi yaşayış məntəqələrində məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin edə bilməlidirlər. Azad olunmuş ərazilərdə torpaq islahatı yeni meyarlarla aparılmalı, hansı torpaqların dövlət torpaq fonduna, meşə fonduna veriləcəyi dəqiq bilinməlidir. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm və dağ-mədən sahələri olacaqdır.
Təbii bərpa işlərində öncə bəzi məsələlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Düşmənin 30 ilə yaxın bir müddət ərzində etdiyi terror və faşist əməllər cəzasız qalmamalıdır. Ümumən dəymiş zərər hesablanmalıdır. Bərpa işləri beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanılmalıdır ki, məhkəmələrdə qarşı tərəf bizi hansısa faktları saxtalaşdırmaqda ittiham edə bilməsin. İtirilmiş gəlir də hesaba alınmalıdır, belə ki, bu 30 il ərzində biz burada yerləşən müəssisələrdən yüksək gəlirlər əldə edə bilərdik.
İşğaldan azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə bu rəqəm cəmi 174 min hektardır. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir. Ermənilər tərəfindən dağıdılmış meşələri bərpa etmək üçün xüsusi proqram tərtib olunmalıdır. Bəzi beynəlxalq təşkilatlar və şirkətlər ermənilər öz vandallıqlarını həyata keçirməkdə yardım etmiş, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərmişlərdir. Təbii sərvətlərimizi qanunsuz istismar edən xarici şirkətlər təzminat ödəməlidirlər əks halda bu məsələ beynəlxalq məhkəmələrdə həll olunacaqdır. Oxşar cinayətləri törətmiş olan şirkətlərin Azərbaycan ərazisində fəaliyyəti dayandırılacaqdır.
Prezident İlham Əliyev: “Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır. Bütün yersiz xərclərə son qoyulmalıdır.” Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalı və hökumət prioritetləri arasında olmalıdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı bitkilərin əkiləcəyi əvvəlcədən bəlli olmalıdır. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Azad edilmiş torpaqlardan ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılması üçün istifadə olunacaqdır. Aqrar məhsulların ixrac potensialı şaxələndirilməli, yeni bazarlar axtarılmalıdır. Bağçılıq fəaliyyəti də gələcəklə bağlı ürəkaçan nəticələr əldə etməmizə kömək olacaqdır.
Azad edilmiş ərazilər dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji ehtiyatlarına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir. Prezident İlham Əliyev: “Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik”. 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investorların bu kimi layihələrə qarşı olan maraqlarının artırılması eləcə də Azərbaycanın xarici investisiyalar üçün ideal bir məkan olası ideyası aşılanmalıdır.
İqtisadi inkişaf dedikdə ağıllara ilk öncə təbii ki, yollar, hava limanları və s. gəlməkdədir. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Digər vacib layihə çox çətin relyefdən keçən Toğana - Kəlbəcər yoludur. Toğanadan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir. Beləliklə, həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılır. Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalmışdır. İki beynəlxalq aeroport Qarabağ zonasının bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün olduqca əhəmiyyətlidir. Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Horadiz-Ağbənd dəmir yolu da bərpa olunacaqdır. Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. Bu yoldan Azərbaycan, Türkiyə, Rusiya, həm də İran istifadə edə biləcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev: Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.
Yusif Hüseynov
Azərbaycan Dövlət İqtisad Universiteti, “Sabah” fakultəsi,
mühasibat uçotu və audit ixtisası tələbəsi