“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
İlham Əliyev.
Azərbaycan mədəniyyətinin incisi olan, «Şərqin konservatoriyası» ,”Qafqazın sənət məbədi” adlandırılan Şuşa həmişə Azərbaycanın mədəniyyət mərkəzi olmuşdur.Şuşa şəhəri Şimali Azərbaycan ərazisində milli təfəkkürün, milli kimliyin formalaşdığı və bütün ölkəyə öz təsirini sirayət etməyə qadir mərkəz olmuşdur lap qədimdən.
Məktəb, maarif işinin inkişafına görə də Şuşa digər şəhərlərdən öndə idi. İbrahim xan məscidi nəzdində 1801-ci ildə əsası qoyulmuş məktəb əsrin ikinci yarısında da fəaliyyət göstərmişdi. Azərbaycan qəzaları içərisində ilk qəza məktəbi 1830-cu ildə Şuşada açılmışdır. İlk müsəlman məktəblərinin açıldığı siyahıda da Şuşa öndə olmuşdur. Şuşada ali ibtidai məktəb fəaliyyət göstərirdi. Kütləvi kitabxanaların yaradılması sırasında da Şuşa Şamaxı ilə bərabər ilk yeri tutur. Şuşada kiçik mətbəə fəaliyyət göstərirdi. 1848-ci ildə Şuşada ilk teatr tamaşası təşkil edilmişdi. Poeziya və xanəndəlik məktəbi baxımından Şuşanın özəl yeri vardır. Şuşada «Məclisi-Fəramuşan»ın (ədəbi məclis) başında M.Nəvvab dayanırdı. «Məclisi-üns» kimi ədəbi məclislər bütün ölkədə şöhrət tapmışdı. Xan qızı Natəvanın, Mirzə Möhsün Nəvvabın və çoxsaylı məşhur şairlərin iştirakı ilə keçən bu məclisləri Şuşa ədəbi mühitinin sütununa çevrilmişdi.
Şuşanın Azərbaycanın digər şəhər mərkəzlərindən fərqli bir statusu vardır. Musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşada xanəndə və çalğıçıların professional məktəbi yaranmışdı. İlk musiqi məktəblərinin yaranması ilə Şuşada xalq musiqisi ənənələri yayılır və zənginləşirdi.Şuşada Ə.Haqverdiyev Füzulinin «Leyli və Məcnun», Nizaminin «Xosrov və Şirin» poemalarını səhnələşdirmişdi. C.Qaryağdı oğlu hər iki tamaşada baş rolda oynamışdı.
Şuşada XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.
Artıq Şuşamız azaddır! Və tezliklə Şuşa əvvəlki kimi öz tarixi missiyası olan mədəniyyət mərkəzi obrazını bərpa edərək ,daha da gözəl bir şəhərə çevriləcək,dünayin hər yerindən gələn turistlərin diqqətini özünə cəlb edəcəkdir.
Aygün Rzayeva
Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin 5 nömrəli filialının müdiri